Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 20:20
Təlim-tərbiyədə kimisə nümunə götürmək çox önəmlidir. Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?
Səhabələr Rəsulullahı (s.a.s.) dinləyən, Onun dərgahının rənginə boyanan, Onun təlim-tərbiyəsində yetişən insanlardır. Məhz buna görə, onlar fərqli idilər. Onlar mükəmməl dinin nümunəvi təmsilçisi Kamil İnsanı (s.a.s.) görmüş, Onun söhbətlərini eşitmiş və İslamı birbaşa həqiqi mənbəyindən öyrənmişlər. Bu səbəbdən Quran və Sünnəni çox yaxşı anlamış, İlahi məqsədlərdən xəbərdar olmuş və Allahın rizasına uyğun ömür sürmüşlər. Elə buna görə də Rəsulullah (s.a.s.) bir çox hədisində səhabələrin fəzilətinə diqqət çəkmiş və Sünnəsi ilə yanaşı onların yoluna da tabe olmaq gərəkdiyini bildirmişdir. Həqiqətən də səhabələr nümunə götürüləsi insanlardır.
Bu nöqteyi-nəzərdən dövrümüzdə insanlar səhabələri daha yaxından tanımalıdırlar. Çünki səhabələr tanındıqca seviləcək, sevildikcə də həyat tərzləri nümunə götürüləcəkdir. Beləcə, onlara tabe olmaq və onların izindən getmək təhlükəsiz limana çıxmaq üçün vəsilə ola bilər. Onlardan uzaqlaşmaq da dindən uzaqlaşmalara və ayrılmalara gətirib çıxara bilər. Səhabələrin yolu ilə getmək Rəsulullaha (s.a.s.) tabe olmaq üçün atılan çox önəmli addımdır. Çünki Allah Rəsuluna tabe olmaq Allahın əmrlərinə boyun əymək deməkdir. Əgər insanlar səhabələri tanıyıb, sevsələr və onların yolu ilə getməyə başlasalar, bir müddət sonra onların əxlaqını mənimsəyərlər.
Onların qəlbinə toxum kimi düşən səhabə sevgisi tədricən böyüyb fidan olar və bir müddət sonra hərəkət və davranışlarında səhabələrə bənzəməyə çalışarlar. Şübhəsiz ki, qəlbi bu cür səhabə sevgisi ilə dolu insanın Rəsulullahı (s.a.s.) sevməməsi, Allah eşqi ilə alışıb-yanmaması mümkün deyil.
Əslində bir insanın həqiqi insanlığını hiss eləməsi də bunlarla əlaqəlidir. Qəlbində Allah, Rəsulu və Onun sadiq köməkçilərinin sevgisi olmayan bir insanın kamilliyə çatması çox çətindir. Həqiqi insanlığa yüksəlməyin yolu, Rəsulullahın (s.a.s.) əxlaqı ilə əxlaqlanmaqdan keçir. Çünki Onun əxlaqı Quran əxlaqıdır.
Səhabələrin fəziləti
Əgər müsəlmanlar səhabələri yaxından tanımaz, onların dini yaşamaq və izah etmək üslubunu bilməsələr, Rəsulullahın (s.a.s.) həyatını da tam mənada anlaya bilməzlər. Çünki səhabələr Rəsulullaha (s.a.s.) qovuşduran körpü kimidir. Hətta səhabələrin Allahın rizasına, Onun görülməsinə və cənnətə düşməyə səbəb olan bir vasitə olduqlarını da demək olar. Onları tanımadan siyərin, Quran və Sünnənin, dinin məqsədlərini doğru başa düşmək çətindir.
Əgər bu gün müsəlman gənclərin nümunə götürəcəyi insanlardan söhbət gedirsə, bunlar başda peyğəmbərlər, sonra da səhabələrdir. Buna görə də biz bir çox məsələdə onların həyatlarına isnad etməli və onları nümunə göstərməliyik.
Quranda Rəsulullahı (s.a.s.) irşad etmək və getdiyi yolun çətinliklərini göstərmək kimi hikmətlərə görə bir çox surədə peyğəmbər qissələrindən bəhs olunur. Yəni Uca Allah keçmiş ümmətlərlə əlaqəli müəyyən məlumatları Rəsulullaha (s.a.s.) bildirmişdir. Bu qissələrdən çıxarılacaq dərslər bütün dövrdə yaşayan insanlar üçün yol göstəricidir.
Eynilə bunun kimi müsəlmanlar da bəzi dini və əxlaqi mövzulardan danışarkən səhabələrin həyatından nümunələr verməlidirlər. Çünki onlar İslam həqiqətlərini xarakterlərinə hopdurmuş və Rəsulullahdan öyrəndiklərini eynilə həyatlarına tətbiq etmişlər. Buna görə də onların həyatını nümunə götürməyə dəyər. Məsələn: Həzrət Əbu Bəkrin həyatına nəzər salanda görürük ki, iki il yarımlıq xilafəti dövründə on bir itridad hadisəsinin öhdəsindən gəlmişdir. Bununla yanaşı bu qısa dövrdə bir çox əhəmiyyətli işlərə imza atmışdır. Buna baxmayaraq vəfat edərkən heç bir miras qoymamışdı. Hətta özünə büdcədən ayrılan maaşın hamısını belə xərcləməmişdi. Özünə orta səviyyəli bir insanın yaşayışını nümunə götürən həzrət Əbu Bəkir ehtiyacı olan qədər xərclədikdən sonra maaşının geri qalanını bir kuzəyə qoymuş və bunun özündən sonrakı xəlifəyə təqdim edilməsini vəsiyyət etmişdi. O düşünürdü ki, maaşın ehtiyaclardan artıq qalanı dövlətin xəzinəsinə geri qaytarılmalıdı.
Həzrət Əbu Bəkirdən sonra xəlifə olan həzrət Ömər bu kuzəni görüncə göz yaşlarını saxlaya bilməmiş və belə demişdi: "Elə bir həyat yaşadın ki, biz onu təkrarlaya bilmərik." Buna baxmayaraq həzrət Ömərin həyat tərzi də həzrət Əbu Bəkirdən fərqli deyildi. O da olduqca sadə, təvazökar yaşamışdır. Məsələn: qıtlıq dövründə insanların yediyindən yemiş, zeytun yağına çörək batıraraq qarnını doyurmuşdur. Bir dəfə ət yeməyi gətiriləndə xalqın bu yeməkdən yeyib-yemədiyini soruşmuş, yemədiyini öyrəndikdə yeməyi geri göndərmişdir.
Musab ibn Umeyr də nümunə götürüləcək bir həyat yaşamışdır. Müsəlman olmadan əvvəl dəbdəbəli həyat sürən Musab müsəlman olandan sonra bu həyatdan üz döndərmiş və Uhudda şəhid olana qədər İslam üçün böyük fədakarlıqlar və qəhrəmanlıqlar etmişdi. Belə ki, Uhudda Rəsulullahı (s.a.s.) qorumaq üçün Ona tərəf atılan oxlara bədəni ilə sipər olmuş və beləcə son nəfəsini vermişdir. Onu dəfn edərkən üstünü örtəcək kəfən belə tapılmamışdı.
Rəsulullahın (s.a.s.) ətrafındakı səhabələrin hərəsinin özünəxas xüsusiyyət və fəziləti var. Onlar canları bahasına İslamı qorumuş, təbliği həyatlarının ali qayəsi etmiş və bunun üçün əllərindən gələni əsirgəməmişlər. Etdikləri fədakarlıqlar müqabilində heç bir gözləntiyə düşməmişlər. Hədəfləri sadəcə Allahın rizasını qazanmaq olmuşdur. Bütün həyatlarını bu düşüncə və amal ilə yaşamışlar. Bu nöqteyi-nəzərdən onların hər biri ümmət üçün bir nümunədir.
Bəli, səhabələrin mənəvi zənginliyindən dövrümüzdəki insanlar xəbərdar olmalıdırlar. Müsəlmanların vəzifələrindən biri səhabələri bütün yönləri ilə insanlara çatdırmaq olmalıdır. Çünki insan bildiyini sevər, bilmədiyinə qarşı isə biganə davranar. Əgər bu gün insanlar Allahı yetərincə sevə bilmir, Onu xatırlayanda sümükləri sızlamırsa, deməli, Onu layiqincə tanımırlar. Eynilə Rəsulullaha qarşı da ciddi rəğbət bəsləmir, Onu xatırladıqda ürpərmirlərsə, deməli Onu yaxşı tanımırlar. Eynilə bunun kimi insanlarda həzrət Əbu Bəkir, həzrət Ömər kimi olmaq istəyi yoxdursa, deməli, onlar bu böyük səhabələri yetərincə tanımırlar.
Bu təqdirdə insanlarda "Mən də onlar kimi olum" düşüncəsini formalaşdırmaq üçün bu böyük səhabələri layiq olduqları şəkildə tanıtmaq və sevdirmək lazımdır. Müsəlmanlar səhabələri yetərincə tanımadıqlarına görə kimin arxasınca gedəcəklərini də bilmirlər.
Səhabələrdən danışarkən istifadə ediləcək üslub da çox önəmlidir. Onlar sadəcə tarixin müəyyən dövründə yaşayan insanlar kimi tanıdılmamalıdır. Bu təqdirdə insanlar səhabələrin sadəcə qəhramanlıqları ilə təsəlli taparlar. Onlara oxşamaq və onlar kimi olmaq istəməzlər. Bu nöqteyi-nəzərdən səhabələr həmişə təqlid ediləcək və örnək götürüləcək bir nümunə kimi təqdim edilməlidir.
Bununla yanaşı tarixi hadisələrin təkrarlanması hər dövrdə eyni olmasa da qismən oxşardır. Məhz buna görə də səhabələrin həyatından danışarkən mütləq, dövrümüzün şərtlərini nəzərə almaq lazımdır. Başqa sözlə insanlara "Belə bir həyat yaşamaq mümkün deyil" dedirtməmək və eyni zamanda ziddiyyət yaşamamaq üçün mövcud şərtlər mütləq nəzərə alınmalıdır. İnsanlar səhabələr kimi yaşamağın mümkün olduğuna inanmalıdırlar. Bunun üçün siyər fəlsəfəsini yaxşı bilmək lazımdır. Əfsuslar olsun ki, indiyə qədər siyər fəlsəfəsi ilə əlaqəli kitablar yazılmayıb. Rəsulullahın (s.a.s.) həyatının əsas məntiqi və dərinlikləri ilə insanlara çatdırılması, tətbiq olunan və yaşanılacaq bir həyat kimi təqdim edilməsi istiqamətində ortaq ağıl (heyət) araşdırmalarına ehtiyac var.
Səhabələrin varisləri
Bu gün insanlara səhabələrdən danışmaqla yanaşı, səhabər kimi yaşayanları da göstərmək lazımdır. İnsanlar bilməlidirlər ki, haqlarında danışılan səhabələr tarixin müəyyən dövründə qalmayıb. Bu gün də onlar kimi eyni fədakarlıq və comərdliklə İslama xidmət edən möminlər var. Əgər səhabələri təmsil edən bu insanlar gənc nəsillərin qarşısına çıxar və İslamı haqqı ilə təmsil etsələr, Allahın izni ilə yeni bir səhabə nəsli yetişər.
Belə bir nəslin yetişməsi üçün yaşatmaq üçün yaşayan fədakar insanlara ehtiyac var. Onlar "yaşatmıramsa, yaşamağım bir mənası yoxdur" deyə düşünməli və özlərini bəşəriyyətə xidmətə həsr etməlidirlər. Onlar başqalarının inkişafı üçün su olub onların dibinə axmalı, torpaq olub çiyinlərində daşımalı, günəş olub şüalarını başlarına saçmalıdırlar. Qısaca, həyatlarını tamamilə bəşəriyyətə və insanlığa xidmətə vəqf etməlidirlər. Ancaq bu cür düşünüldüyü və hərəkət edildiyi təqdirdə peyğəmbər aşiqi, səhabə sevdalısı bir nəslin yetişməsi mümkündür.