Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

""Ərin bir söz desə, boşan, gəl" kimi sözlər işlədilirsə, həmin ailədən ailə olmayacaq"

Tarix: 18 Noyabr 2021 18:15

"Bəzi gənc qızlar düşünür ki, "Niyə boşanmayım? Hamı boşanır, burada nə var? Əlinin, Vəlinin, Andreyin qızı boşandı, mən kimdən əksikəm ki?" 
 
Milli.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a müğənni Nadir Qafarzadə son vaxtlar boşanma faizinin artan istiqamətdə davam etməsi barədə danışarkən deyib.
 
Sənətçi boşanmaların yüksək həddə çatmasından narahatlığını ifadə edib:
 
"Son vaxtlar artan boşanmalarda həm kişi münasibətinin, həm də qadınların münasibətinin böyük rolu var. Mən sovet adamıyam, ola bilər ki, mənim fikirlərim bu gün kiməsə köhnə görünə bilər, yaxud məni "gerizəkalı" adlandıra bilərlər. Sovet dövründə yaşayan əsl kişi və qadınlar evlənəndə boşanmaq üçün evlənmirdilər. Onlar məhz ailə qurmaq məqsədilə evlənirdilər. Düzdür, o vaxt qınaqlar da var idi, boşanmaq istəyəndə "ayıbdır" deyilirdi, insanlar çalışırdılar ki, bütün problemləri ailə daxilində çözsünlər".
 
Qafarzadənin sözlərinə görə, son vaxtlar bizim ölkə üçün xarakterik olmayan hallar yaşanır: 
 
"Amma indi bəzi insanlar bütün ailə problemlərini efirlərdə müzakirəyə çıxarırlar, bu biabırçılıqdır. Ailə problemi efirə, sosial şəbəkəyə çıxdısa, o ailə ilə gələcəkdə yaşamağa artıq dəyməz. Çünki aradakı pərdə götürülür, bütün sirrlərin üstü açılır. Məsəl var, "Ev bizim, sirr bizim". Ailə də belədir, o hər kəs üçün sirli olmalıdır. Düşünürəm ki, ailənin sirrini başqası bilməməlidir. Guya kimin evində problem yoxdur ki? Mənim evimdə, sizin evinizdə problemlər olmurmu? Əlbəttə, var. Lakin bunu efirə çıxarmaq, cəmiyyətə göstərmək düzgün deyil. Efirə çıxarmaq olar, amma yaxşı, nümunəvi ailələri çağırmaq lazımdır ki, cəmiyyətə də örnək olsun. Çox vaxt sosial şəbəkələrdə səhifə adminləri pis şeyləri təbliğ edirlər. Və bəzi gənc qızlar da düşünür ki, "Niyə boşanmayım? Hamı boşanır, burada nə var? Əlinin, Vəlinin, Andreyin qızı boşandı, mən kimdən əksikəm ki?" Bilirsiniz, ailədə ac da, tox da qalmaq olar, elə ola bilər ki, yemək olmasın, amma hər şeyə görə boşanmaq düzgün deyil. Boşanmaq, ailəni dağıtmaq üçün o qədər ciddi səbəb olmalıdır ki... Bu gün bəzi gənclər sanki şadlıqlarına şitlik edirlər, mən bunu hamıya şamil etmirəm. Gündəmə gəlmək üçün, "Rəfiqəm boşandı, nə oldu ki?" düşüncəsilə ailəni dağıdırlar, fikirləşirlər ki, bu mənim həyatımdır, həyat bir dəfə verilib, necə istəyirəm yaşayaram, azad yaşayaram".
 
O bildirib ki, Azərbaycan ailəsi uzunömürlülüyünə görə hər zaman örnək göstərilib. Amma son illər bu hal bir qədər dəyişib:
 
"Düşünürəm ki, ailədə mütləq ziyalılıq olmalıdır, məsələn, mən inanmıram ki, intelligent bir ailənin üzvləri hər xırda şeydən ötrü boşansınlar. Onlar ciddi məqamlarda ən son anda qərar verirlər. Bəziləri kənddə bir az əziyyət çəkir, "İnstagram"da, "TikTok"da kimisə görür, onların gözəl həyat yaşadığını düşünür və ailəsini dağıdır, düşünür ki, gedim şəhərə gözəl həyat yaşayım. Bəzi qızlar, oğlanlar buna görə şəhərə gəlirlər. Mənim əzizlərim, bir az çətinliklərə sinə gərmək lazımdır. Demirəm ki, əzilmək, döyülmək, söyülməyə dözməlisən, çətinlik başqa şeydir, əzab-əziyyət vermək tamam başqa şey".
 
Müğənni hər xırda problemə görə ailəni dağıtmağın düzgün olmadığını qeyd edərək gənclərə səslənib:
 
"Maddi çətinliklər müvəqqətidir, əgər sənin taleyində varsa, olacaq, yazılmayıbsa, olmayacaq. Bilirsiniz, insan dünyaya gələndə Allah ona bir qismət, tale yazır. Kim istəyər ki, kasıb olsun, yaxud bədbəxt. Amma bu taleyi bəndə yazmır, Allah yazıb. Sənin taleyində bədbəxtlik, kasıblıq yazılmış ola bilər, amma bu o demək deyil ki, sən insan deyilsən, sən də insansan, sadəcə sənə Allah bu qisməti yazıb. İndi mənim bu sözlərimi çox adam yozacaq, həmişəki kimi tənqid, hətta təhqir edəcəklər, amma həqiqət budur. İnsan doğulmamışdan öncə onun bir alın yazısı olur. Sən də kiməsə çatmaq, onun kimi yaşamaq istəyirsənsə, qarşına məqsəd qoymalısan. İnsan həyatda mütləq məqsədlə yaşamalıdır, əgər məqsədin yoxdursa, bunların heç biri olmayacaq. Məqsədə doğru getmək, çalışmaq, vuruşmaq lazımdır. Həyatda mübariz olmaq lazımdır, ələlxüsus da bu gün. Bu gün geriyə qaldınsa, tapdalayıb, üstündən keçəcəklər, sənin yerini kimlərsə alacaq. Mən ata, qayınata, 30 ilin ailə başçısı olaraq gənclərə tövsiyə edirəm: "Əziz gənclər, qızlar, boşanmağa tez qərar verməyin. Hər zaman söz-söhbət ola bilər, amma xırda problemlərdən ötrü ailənizi dağıtmayın. Boşanmaq son nöqtədir. Övladlar arada qalırlar, boşanmadan travma alırlar, gələcəkdə onların həyatında bununla bağlı çox fəsadlar baş verir. Uşaqlar bəzən küçəyə düşür, narkoman, avara olurlar. Evdə mehribanlıq, valideynlərinin bir-birinə sevgisini görərək böyüyən uşaqlar gələcəkdə boşanmır, çünki gözəl, nümunəvi ailə görüb və istəyir ki, öz ailəsi də elə olsun. Hər şey ailədən gəlir. Uşaqları ərköyün böyütmək lazım deyil. Bəzən analar deyir ki, "Qayınanan, qayınatan, ərin sənə bir  söz desə, boşan, çıx gəl, ölməmişəm ki. Gəl başqasına gedərsən". Belə sözlər demək olmaz, bu sözlər işlədilirsə, əlbəttə ki, həmin ailədən ailə olmayacaq. Həmişə həqiqəti danışanı söyürlər, bilirəm ki, bu açıqlamamdan sonra da mənfi şərhlər çox olacaq, amma həqiqətlər budur".

Milli.Az


Etiketlər:  Ərin bir söz desə boşan gəl kimi sözlər işlədilirsə həmin ailədən ailə olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ