Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 11:38
Soçidə bu gün baş tutacaq görüş çox önəmlidir, çünki son görüşdən 10 aydan çox vaxt keçib, bu müddət ərzində Azərbaycanın haqlarının pozulmasına dair çoxlu sayda faktlar var. Bunu Rusiya da çox yaxşı bilir.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
Onun sözlərinə görə, Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür:
"Hazırda Ermənistanın terror hərəkətlərinin, Qarabağda rus sülhməramlılarının arxasında gizlənərək siyasi ehtirasları qızışdırmasının, Zəngəzur dəhlizindəki müəyyən fəaliyyətlərinin bir səbəbkarı da Rusiyadır. Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya bəyanat ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. Rusiya Qarabağda sülhməramlıların fəaliyyət göstərdiyi yerlərdə Azərbaycanın haqlarını qorumalı, Ermənistanın Qarabağa iddialarının, bu istiqamətdə fəaliyyətlərinin, eyni zamanda sərhəd təxribatlarının qarşısını almalı, həm də Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalıdır".
Ekspert Ermənistan və Azərbaycan arasında sülhə qədər bütün proseslərin hüquqa uyğun şəkildə irəliləməsinin bütün bölgə ölkələrinin, xüsusilə Rusiyanın xeyrinə olacağını vurğulayıb:
"Lakin daha geniş bir çərçivədə Rusiyanın böyük təzyiqlə üzləşə və ya hansısa qlobal bir oyunun içərisində ola biləcəyini də diqqətdən kənarda qoymamalıyıq. Bu məqamda qeyd etməliyəm ki, türk ölkələri arasında əlaqələrin güclənməsi Rusiyaya qarşı deyil, əslində onun üçün də yararlıdır. Hazırda Rusiyanın daxilində müxtəlif türk boylarından olan çoxlu sayda xalq var. Hətta bu nöqteyi-nəzərdən Rusiya dünyanın ən böyük türk ölkələrindən biridir. Rusiya burada yaşayan türk xalqları vasitəsilə yeni formalaşmaqda olan geosiyasi sistemdə ən önəmli faktorlardan birinə çevrilə bilər. Düşünürəm ki, Rusiya ilə türk dünyası, Azərbaycan və Türkiyə arasında çox önəmli geosiyasi əlaqələr qurula bilər. Ancaq hər şeydən əvvəl Rusiyanın bu reallığı öncədən görməsi, qəbul etməsi və praktiki fəaliyyət göstərməsi, öz baxış istiqamətini genişləndirməsi lazımdır".