Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 05:03
Bağırsaq qripi infeksion xəstəlikdir. Bu xəstəliyi rotavirus törədir.
Saglamolun.az xəbər verir ki, xəstəlik zamanı əsasən mədə-bağırsaq sistemi zədələnir və bu səbəbdən xəstəlik məhz "bağırsaq qripi" adlandırılır.
Bağırsaq qripi istənilən yaşda təsadüf edilir. Xüsusilə bu xəstəlik uşaqlarda və immun sistemi zəif olan insanlarda tez-tez inkişaf edir. Bağırsaq qripi "çirkli əllər xəstəliyi" də adlandırırlar. Uşaqlarda barmaqları, oyuncaqları və s. kiçik əşyaları aqıza salmaq, sormaq və s. kimi vərdişlər yayılmaqdadır. Məhz bu da bir çox hallarda yoluxmaya səbəb olur.
Orqanizmə düşdükdə virus mədə-bağırsaq sisteminin, xüsusilə nazik bağırsağın, selikli qişasının hüceyrələrinə daxil olur. Bunun nəticəsində bağırsaqların daxilii səthini örtən tükcüklər məhv olur. Bu tükcüklər qidanın həzmində və sorulmasında böyük rol oynayır. Bu proses pozulduqda qida normal həzm olunmur və sorulmur ki, nəticədə güclü ishal inkişaf edir. Bağırsaq qripi zamanı nəcis sulu, köpüklü, sarı və ya yaşılaçalar olur.
Kiçik yaşlı uşaqlar üçün bağırsaq qripi çox təhlükəli ola bilər. Bağırsaq qripi zamanı xəstədə güclü ishal və qusma inkişaf edir ki, nəticədə orqanizmdə güclü susuzlaşma yarana bilər. Susuzlaşma kiçik yaşlı uşağın sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən xəstəliyin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır.
Bağırsaq qripin simptomları:
- hərarətin yüksəlməsi
- qusma və ishal
- qarında tutmaşəkilli ağrılar
- iştahanın azlması
- öskürək, zökəm
- zəiflik, halsızlıq, baş ağrıları (intoksikasiya səbəbindən).
Xəstəliyin kəskin dövrü 7 gün davam edir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.Həkim dəqiq diaqnoz təyin edəcək.
Xəstəliyin xüsusi müalicəsi yoxdur. Müalicə simptomatik xarakter daşıyır - hərarətsalan preparatlar, orqanizmin su-duz balansını bərpa edən preparatlar (reqidron və s.), sorbent preparatları (smekta, kömür və s.), probiotiklər. Müalicə zamanı antibiotiklərdən istifadə olunmur.
Qusma və ishal orqanizmin tez susuzlaşmasına səbəb olur. Bu isə çox təhlükəlidir, xüsusilə uşaqlar üçün. Kəskin susuzlaşma zamanı xəstə mayedən imtina edir, sidik ifraz etmir, onun dərisi çox quru, selikli qişalar isə çox qırmızı olur, xəstə halsız, zəif olur.
Kəskin susuzlaşma ağır pozulmalara, hətta ölümə səbəb ola bilər. Bu səbəbdən bağırsaq qripi zamanı orqanizmin su-duz balansını bərpa etmək çox vacibdir. Adi su və ya digər maye bu balansı bərpa etmir və xəstə hətta çoxlu maye içdikdə susuzlaşmanın inkişafı davam edir. Adi maye ilə yanaşı mütləq xüsusi su-duz balansını bərpa edən preparatlar lazımdır (reqidron və s.). Reqidronun 1 paketi 1 l suda həll olunur və hər qusma və ya ishal epizodundan sonra bir neçə qurtum içilir. Birdən çoxlu içmək olmaz - bu qusmaya səbəb ola bilər.
Uşaqlarda xəstəliyin ağır formalarında müalicə xəstəxana şəraitində aparıla bilər.
Pəhriz bağırsaq qripi zamanı müalicəvi rol oynayır. Bağırsaq qripi zamanı bu kimi qidaların qəbulu tövsiyə olunur: düyü həlimi, duru yulaf yarması sıyığı, kisel, bişmiş yaşıl alma, suxari. Xəstəliyin simptomları azaldıqca pəhrizə digər qidaları daxil etmək olar. Lakin müəyyən müddət ərzində yağlı, qızardılmış, ədviyyatlı, hisə verilmiş qidaları qəbul etmək olmaz.