Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 14:18
Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan polkovnik-leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
Sonxeber.net xəbər verir ki, qafqazinfo-ya müraciət edən Ə.Nuriyev bildirib ki, Bakının Nərimanov rayonunda yerləşən mənzilini əsaslı təmir etdirmək üçün iyun ayında özünü "AZ İNTEKST" MMC-nin direktoru kimi təqdim edən Ruhəddin Cabbarovla müqavilə bağlayıb. Müqaviləyə görə şirkət 32 min manat qarşılığında həmin mənzili əsaslı təmir edib 2 ay ərzində müştəriyə təhvil verməli imiş.
Vətəndaş iddiasına əsasən, razılaşdırılmış məbləği hissə-hissə R.Cabbarova verib: "Ödənişlərin bir qismini də Ruhəddinin arvadı Gülnar Cabbarovanın bank hesabına göndərmişəm. Söz verdilər ki, təmir oktyabrın 1-dək yekunlaşacaq. Amma təmir vaxtında başa çatmadı. Biz müqaviləni yenilədik və razılaşmaya görə, Ruhəddin Cabbarov və tanışı Telman Fətəliyev təmiri vaxtında tamamlamasa, hətta məsuliyyət daşımağa razı olub müqaviləyə imza atdılar. Mən Ruhəddinə ümumilikdə 22 611 manat pul vermişəm. Amma mənzil nəinki təmir edilib, əksinə daha da bərbad vəziyyətə düşüb. Onlar hazırda da öz əməllərini instaqramdakı "temir_tikinti_oboy" adlı səhifə üzərindən davam etdirirlər".
Ə.Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir: "Sonradan bizə məlum oldu ki, "AZ İNTEKST" MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamımı qazanır. Məndə olan məlumatlara görə Ruhəddin və komandası məndən başqa 20 nəfərə yaxın şəxsə də ziyan vurub. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".
Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmayıb. "Az İntekst" MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirib: "Mən həmin MMC-ni 2 il əvvəl yaratmışdım. Bir müddət Ruhəddinlə işləsək də, daha sonra vergi borcuna görə şirkət bağlandı. Ona görə şirkəti işlətmədim. Amma Ruhəddin işləməyən şirkətin möhürü ilə dələduzluq edərək məni də bu işə qatır. Məsələ ilə bağlı prokurorluqda izahat vermişəm".
Ə.Nuriyev pulunu geri ala bilmədiyi üçün Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, şikayət etdiyi şəxslərin izahatının alınması ilə bağlı məcburi gətirilmə qərarı da çıxarılıb: "Bu şəxslər başqa vətəndaşları da aldadıblar və onlara qarşı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Amma bu insanlar sosial şəbəkələrdə hələ də əməllərini davam etdirməkdədirlər. Mən ehtiyatda olan polkovnik-leytenantam. I Qarabağ Müharibəsi veteranıyam. 1993-1994-cü illərdə Haramı düzənliyində, Füzuli istiqamətində döyüşmüşəm. Müdafiə Nazirliyinin təqaüdünü alıram. Tək istəyim bizə dəymiş ziyanın ödənilməsidir".
Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.