Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 21:34
Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, prosesdə şahid qismində dindirilən Namiq Həbibov koronovirusa yoluxduğunu və Zığda yerləşən Modul Tipli Hospitala aparıldığını, orada müalicə olunduğunu göstərib: "Qızdırmam 39,5 idi. Evdəkilər təcili yardım çağırdılar. Dəqiq yadımda qalmayıb, təcili yardıma ya 50, ya da 100 manat veriblər. Xəstəxanada əlavə olaraq heç kimə pul verməmişəm".
Anasının COVID-19-a yoluxduğunu, saturasiyasının 78-ə düşdüyünü deyən digər şahid Azər Süleymanlı istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. O, koronovirusa yoluxan anasını dostu Rüstəm Məmmədlinin köməkliyi ilə Modul Tipli Hospitala yerləşdirdiyini deyib: "Rüstəmdən bir dost kimi xahiş etdim, o da köməklik etdi. Həmin vaxt özüm də xəstə idim, orada olmamışam. Rüstəm xəstəxanada işləyən Emil (xəstəxananın əməkdaşı Emil İsgəndərovu nəzərdə tutub -red.) adlı bir nəfərə 1000 manat verib".
Digər şahid Rüstəm Məmmədli də anoloji ifadə verib. O, bildirib ki, xəstəxananın işçisi olan tanışı Emil İsgəndərova zəng vurub dostunun anasını oraya yerləşdirməyi xahiş edib: "Dostum Azər zəng vurub dedi ki, anasının vəziyyəti ağırdır. Azərin anasını Hospitala yerləşdirmək üçün tanışım Emilə zəng vurub xahiş etdim. Emil də dedi ki, 1000 manat verməlisən. Pulu kimə çatdıracağını demədi. "Parkovka" yerində Emilə 1000 manat verdim".
Sonuncu dindirilən şahid Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Füzuli Əhmədov olub. O, ifadəsində atasının COVID-19-a yoluxduğunu, xəstəliyi ağır keçirdiyini, martın 16-da isə vəfat etdiyini göstərib: "Atamın yanına tez-tez baş çəkdiyim üçün özüm də xəstələndim. Koronavirusa yoluxduğum üçün nazirliyin nəzdində olan hospitala müraciət etdim. Orada müalicə olundum. Xəstəxanada məni üç ağır xəstə ilə bir palataya yerləşdirdilər. Vəziyyətim onlarınkı qədər ağır deyildi, oksigenə ehtiyacım yox idi. Qorxdum ki, onlarla bir otaqda qaldığım üçün mən də ağırlaşaram. Bir az hay-küy salandan sonra məni hospitalın 14-cü korpusuna köçürdülər. Orada müalicə olundum və sağaldım".
FHN rəsmisinin ifadəsinə görə, müalicə dövründə heç kim ondan pul tələb etməyib. Xəstəxanadan çıxdıqdan bir müddət sonra onu Korrupsiya qarşı Mübarizə İdarəsinə çağırıblar: "Dedilər ki, xəstəxanaya gedəndə Qulu adlı şəxsə (Təqsirləndirilən Qulu Orucovu nəzərdə tutub. Q.Orucov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib-red.) 500 manat pul vermisən. Belə bir şey olmadığını dedim. Qulu ilə heç bir münasibətimin olmadığını, ümumiyyətlə onu tanımadığımı, heç kimin məndən pul istəmədiyini bildirdim. Məni Qulu ilə üzləşdirdilər. Üzləşmə zamanı ona dedim ki, ay oğul, sənə nəyə görə pul verməli idim axı? O, da dedi ki, deyəsən mən səhv salmışam".
Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.