Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 14:06
Məktəb partası arxasında oturmalı olan uşaqlar bəy-gəlin masasında oturdulur. Bəzi valideynlər hələ də anlamaq istəmir ki, uşağın yeri məktəbdir. İstədi-istəmədi təhsil almalıdır. Xüsusən qız uşaqları yuxarı siniflərdə təhsildən yayındırılır. Məktəbə göndərilməli olan uşaq ər evində göndərilir. Bəs, qızların təhsildən məhrum edilməməsinin çarəsi nədir?
Sonxeber.net xəbər verir ki, ARB TV-nin "Diqqət Efir" proqramında erkən nikahlarla bağlı geniş süjet yayımlanıb.
Zəmində Əzizli - Təhsildən yayındırılan qız: "11 yaşıma qədər, yəni 5-ci sinifə qədər oxumuşam. Ondan sonra təhsildən yayındırılmışam. Sadəcə mən yox, məndən böyük bacım da. Bunun səbəbi atam olub. Anam hər zaman istəyib ki, biz oxuyaq. Məktəbdən ayrıldıqdan sonra adaptasiya ola bilmirsən. Bu da həyata təsir edir".
Təəssüf ki, hələ də bəzi regionlar və Bakı kəndlərində qız uşaqlarının təhsildən yayındırılması kimi mənfi tendensiya müşahidə olunur. Xüsusən yuxarı siniflərdə qız və oğlan şagirdlərin sayı arasında kəskin fərq ortaya çıxır.
Ekspertlər hesab edir ki, qızların təhsildən yayındırılması halları daha çoxdur.
Kamran Əsədov - Təhsil eksperti: "Kənd və qəsəbələrdə qız uşaqları yardımçı təsərrüfat işləri ilə tədris prossesindən kənarlaşdıqlarını görürük. Şagirdlərin adı orta ümumtəhsil məktəblərində gedir özü isə tədris prosesində iştirak etmir. Çünki aidiyyatı qurumların heç biri orta ümumtəhsil məktəblərində davamiyyəti yoxlamır".
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi də qızların yuxarı siniflərdə məktəbə göndərilməməsi faktlarının çoxluğunu etiraf edir. Bəs, məktəbə göndərilməyən bu qızların aqibəti necə olur?
Günel Nağdəliyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı: "Kənd yerlərində uşaqların təhsil davamiyyəti xüsusilə qızların təhsil davamiyyəti aşağı səviyyədədir. Burada əsas faktor kimi erkən nikahlar və valideynləri tərəfindən uşaqların məhz ailə təsərrüfatına cəlb edilməsi götürülür".
Təhsildən kənarda qalmaq uşaq üçün ağır travmadır. Erkən nikaha da məcbur qaldıqları halda bu durum daha da ağırlaşır.
Vəfa Rəşidova - Psixoloq: "Yaşıdları hamısı oxuyur təhsilə cəlb olunur, amma bunlar deyil. Bu onlar üçün həyati və doğrudan da ciddi dərin travmadır. Elə insanlar çox inamsız, lazımsız, hansısa bir işə yararsız hiss edirlər. Elə məqamlar olur ki, ata və ya ana övladını tez evləndirmək istəyir. Düşünür ki övladım tez evlənərsə o daha xoşbəxt olar. Yaxşılıq fonunda o övladın həyatını paramparça etmiş olurlar".
Qızların yuxarı siniflərdə məktəbdən çıxarılmasının digər bir səbəbi də valideynlərinin onlara ali təhsil vermək istəməməsi ilə bağlıdır. Təəssüf ki, ucqarlarda sırf oxumasın deyə qız övladlarını məktəbə qoymayan ata-analar var. Bəs, çıxış yolu nədir?
Əhməd Qəşəmoğlu - Sosioloq: "Valideyn düşünür ki, bu qız böyüyəndə Bakıda ev kirayələməyə pulum yox, Bakıda kolleclərdə, universitetdə yataqxana yox. Deməli, mən bu qıza ayda 300 manat verib ev kirayələməliyəm. Buna da pul yox. O zaman bu qızı oxumağa göndərməyəcəm. Valideyn anlamır ki, sənin qızın savadsız olanda sabah ailədə vəziyyəti pis olacaq, hüquqlarını bilməyəcək.
Səbəb nə olur-olsun məktəb yaşlı övladını təhsildən yayındıran valideyn buna görə hüquqi məsuliyyət daşıyır. Azərbaycanda orta təhsil icbaridir. Yəni uşaq məktəbdə oxumalıdır. Valideyn istəsə də, istəməsə də.
Şəmsəddin Əliyev - Hüquqşünas: "Üzümü tuturam valideynlərə ki bütün hallarda valideyn öz uşağının tədrisə davamiyyətini təmin etməyə borcludur. Əgər bu borcdan kənara çəkiləcəksə dövlət qurumları mütləq mənada buna nəzarət edəcək. Təhsil Nazirliyi, AQUPDK, Ədliyyə Nazirliyi, DİN və digər maraqlı qurumlar bir qərar qəbul etsinlər ki, bax bunda valideynin məsuliyyəti ortaya çıxsın".
Təhsil Nazirliyi məktəblərdən bu istiqamətdə ciddi tədbirlər görülməsini tələb edir. Qurum məsələyə ümumi çıxış yolu tapmaq axtarışındadır.
Amma təəssüf ki, bəzi hallarda məktəb rəhbərliyi də bu işin öhdəsindən gələ bilmir. Xüsusən, dini amili əsas gətirib övladını məktəbə göndərməməkdə israr edən valideynlər var.