Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi: Sanki yatmış vulkan idik, anidən püskürdük, qarşımıza çıxanı məhv etdik

Qazi: Sanki yatmış vulkan idik, anidən püskürdük, qarşımıza çıxanı məhv etdik

Tarix: 22 Dekabr 2021 22:36

Hərbçi olmağı kiçik yaşlarımdan arzulayırdım. Çünki ermənilərin əliyalın, dinc sakinlərin, qocaların, uşaqların başına gətirdiyi faciələri orta məktəbdə müəllimlərimiz bizə aşılayırdılar. Ən dəhşətlisi isə Xocalı faciəsi idi. Soyqırımı haqqında oxuduqca qanım donurdu, hadisələrin sanki canlı şahidi olurmuşam kimi hiss edirdim. Bir yandan da mən doğulmamışdan bir neçə il əvvəl torpaqlarımızın 20 faizinin işğal olması nəticəsində öz yurd-yuvasından didərgin düşənlərin çəkdiyi məşəqqətləri görə-görə böyümüşdüm. Torpaq həsrəti ilə dünyadan köçən həmyerlilərimiz var idi. Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın həyatı ilə də maraqlanırdım. Elə çətin bir dövrdə hansı şücaətləri göstərdiklərini oxuyur və eşidirdim. Tez-tez pozulan atəşkəs, törədilən təxribat və evlərə düşən od səbrimi daşırırdı. Bütün bunlar fikrimi qətiləşdirir və qarşıma məqsəd qoyurdu: başımıza gətirilən hər şeyin qisasını alacaqdım. Peşəkar hərbçi olmaq üçün hansı çətinlik lazım idisə, hazır idim. İstəyimə nail olmağı bacardım, həm hərbçi oldum, həm də Vətən müharibəsində iştirak edərək qisasımı ala bildim.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin çavuşu, Vətən müharibəsi qazisi Rəşad İsmayılzadə deyib.

İsmayılzadə Rəşad Yaşar oğlu 1997-ci il oktyabrın 29-da Bakı şəhərində anadan olub. 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidməti Qazax rayonunda N saylı hərbi hissədə keçirib. Aprel döyüşləri onun hərbi xidmət dövrünə təsadüf edib. Həmin döyüşlərin iştirakçısı olan Rəşad hərbi xidməti bitirəndən sonra yenidən hərbiyə qayıdıb və 2018-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. Kurslardan uğurla keçən Rəşad Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsi olan dəniz piyadalarının mənsubu kimi xidmətini davam etdirib. Müharibədən əvvəl Quru Qoşunlarında xidmət etmək üçün müraciət edib və komando hərbi hissələrindən birinə təyinat alıb. Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüşlərdə iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən hərbi əməliyyatlarda xüsusi şücaət nümayiş etdirib. Oktyabrın 27-də Xocavənd rayonunda Qırmızı bazar istiqamətində gedən qızğın döyüş zamanı yaralanıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən müharibəsi qazisi sözlərinə belə davam edib: "Orta məktəbdə oxuyarkən düşmənlərin törətdiyi qətliamları dərk edirdim. Yaşım az olsa da, oxuduqlarım beynimə həkk olunmuşdu və içimdə nifrət yaranmışdı. Məndən böyüyəndə kim olacağımı soruşanda əsgər olacağımı deyirdim. Hərbi xidmətdə olarkən Aprel döyüşləri başladı. O zaman postların müdafiəsində idim. Ümumiyyətlə hərbi xidmət dövründə general-mayor Polad Həşimovun qərargah rəisi olduğu korpusda idim. Deyirdilər səngər generalıdır. Həqiqətən də elə idi. Ötən il Tovuz döyüşlərində Polad Həşimovun şəhid olmasına çox təəssüflənmişdim. Bu, artıq son idi. Qisas vaxtı çatmışdı, bunu təkcə hərbçilər deyil, sadə vətəndaşlar da hiss edirdilər. Həmin vaxt gənclərin ön cəbhəyə yollanma istəyi məni qürurlandırmışdı. Vətənin dar günündə müdafiəsinə əli silah tutan hər kəs qoşulurdu.

Müddətli həqiqi hərbi xidməti bitirəndən sonra yenidən hərbiyə qayıtdım. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsi olan dəniz piyadalarının mənsubu kimi xidməti davam etdirirdim. Müharibə başlamamışdan əvvəl təlimlər gedirdi, o zaman könüllü olaraq Quru Qoşunlarında xidmət üçün müraciət etdim və komando hərbi hissələrindən birinə düşdüm. Sentyabrın 25-də komandoya kəşfiyyatçı-operator kimi təyinat aldım. İki gün sonra isə müharibə başladı. Vətən müharibəsi dövründə könüllü olaraq Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşdüm. Döyüşlər zamanı yorulmaq bilmədiyimi hiss edirdim. İçimdəki nifrət və addım-addım qazanılan qələbələr mənə əlavə güc verirdi. Digər döyüş yoldaşlarım da qorxmadan irəli gedir, dincəlmədən döyüşürdülər. Oktyabrın 27-də Xocavənddə Qırmızı bazar istiqamətində pusquya düşdük, pulemyot atəşindən yaralandım. Yaralansam da, verilən tapşırığı sonacan icra etdiyimizə sevinirəm. Hazırda komando briqadasından ehtiyata buraxılmışam.

İkinci Qarabağ müharibəsində gözlərim qarşısında şəhid olanlar da oldu, ağır yaralananlar da. Nə qədər çətin və sarsıdıcı anlar olsa da, heç nə bizi irəliləmək fikrindən daşındırmadı. Müharibənin qanunları vardı: ya şəhadət, ya da qazilik. Döyüşə yollanan hər kəs də qayıtmama ehtimalının yüksək olduğunu bilirdi. Amma bu, bizim namus davamız, haqq savaşımız idi. Alnımızdakı ləkəni qanımız hesabına təmizləməli idik və bunu bacardıq. Biz xalq olaraq ayağa qalxmışdıq. Sanki yatmış vulkan idik, anidən püskürmüşdük. Daxilimizdəki nifrətin, intiqamın püskürməsi o qədər güclü idi ki, qarşımıza keçən hər şeyi məhv edirdik. Odur ki, 44 gün ərzində dünyaya səs salacaq və düşmənlərə bir ömür dərs olacaq səviyyədə savaşdıq. Son nəticədə isə Zəfər qazandıq. Belə tarixin bir parçası olmaq qürurvericidir. Şəhid yoldaşlarımızın əziz xatirəsi, onların şücaəti isə ölkəmizdə indən belə yetişəcək neçə nəslin dilində səslənəcək. Unutmayacaq, unutdurmayacağıq!".


Etiketlər:  Qazi Sanki yatmış vulkan idik anidən püskürdük qarşımıza çıxanı məhv etdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ