Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 22:27
Azərbaycanda ümumilikdə 20 nəfər cüzamlı xəstə var.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 9 nəfər ambulator (evdə), 11 nəfəri isə stasionar şəraitdə müalicə alırlar.
Azərbaycanda yeganə Respublika Cüzam Xəstəxanası Bakının Qaradağ rayonu ərazisindəki Umbakı qəsəbəsinin yaxınlığında yerləşir. 11 nəfər xəstə məhz həmin xəstəxanada müalicə alır.
"Son bir il ərzində cüzamlı xəstələrin müalicə olunduğu xəstəxanada ölüm hadisəsi baş verməyib. Cüzamlı xəstələr arasında koronavirusa yoluxma halı qeydə alınmayıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, cüzam infeksion xəstəlikdir. Müalicəsi olsa da, fəsadsız keçmir. Yoluxma selikli qişa vasitəsilə hava-damcı üsulu ilə baş verir, ya da dərinin tamlığı pozulmuş hissəsindən xəstəliyin törədicisi orqanizmə daxil ola bilər. Bu xəstəlik təkcə dərini deyil, sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq-hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır. İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur.