Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 14:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycana gələn turistlər üçün şərab turlarının təşkil edilməsi təklif edilib.
Trend-in məlumatına görə, bu təkliflə “Savalan” şərab zavodunun direktoru Əjdər Şəfizadə Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan şərablarının satış səviyyəsi artıq bir çox ölkələrdə yüksəlib. Amma son zamanlar şərabçılıq sahəsində inkişaf bir qədər zəifdir:
“Bunun birinci səbəbi bizim özümüzün Azərbaycanda istehsal olunan şərablara qiymət verməməyimizdir. Mən bir misal çəkmək istəyirəm. Kürdəmir bizim zavod şərabının satışına görə respublikada Bakıdan sonra ikinci rayon olub. Bu, məndə maraq yaratdığı üçün Kürdəmirdəki mağazalara baş çəkdim. Məlum oldu ki, bizim şərabları alanların çoxu Kürdəmirdəki almanlardır. Necə olur ki, almanlar bizim şərablara qiymət verirlər, biz özümüz ona qiymət vermirik. Təkcə şəraba deyil, Azərbaycanın bütün yerli məhsullarına ilk növbədə özümüz qiymət verməliyik. Azərbaycanın xarici ölkələrdəki diasporları və turizm amili birləşərsə, ölkəmizin şərablarının satış səviyyəsi bütün dünyada artar. Biz Azərbaycan şərabını tanıtmalıyıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin