Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 21:12
Sumqayıtın "Tuq zavod" adlandırılan, özbaşına salınmış yaşayış sahəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından çirkab suları yaxınlığındakı qamış basmış açıq sahəyə-gölməçələrə axıdılır. Sakinlər deyirlər ki, üstəlik, son bir neçə ildir fəaliyyətə başlayan qara metal sexinin tullantıları da həmin əraziyə atılır, kanalizasiya suları qarışıq çirkab oradan Bakı və Sumqayıtı suvarma suyu ilə təmin edən Samur-Abşeron su kanalına tökülür.
Sakinlər deyirlər ki, bu ərazidə "samastroyka"lar hələ sovet dövründə meydana çıxıb, sonradan yaşayış sahəsi genişlənib, çoxsaylı yeni evlər tikilib. Və ərazidə kanalizasiya problemi 40 ilə yaxındır mövcuddur. Kənardan açıq su hövzəsi kimi görünən, əslində isə kanalizasiya sularının toplandığı ərazi təkcə üfunət və xəstəlik mənbəyi deyil, həm də azyaşlılar üçün real təhlükədir. Bir dəfə azyaşlıların biri kanalizasiyaya düşüb, boğulma təhlükəsi ilə üzləşib, onu yaxınlıqdakıların köməyi ilə çıxarmaq mümkün olub.
"Tuq zavod" ərazisi
"Kanalizasiya xətti olmadığı halda xidmət haqqı ödəyirik. Çirkab su gölməçələrə tam dolanda motorlarla çəkilir, oradan da su kanalına vurulur. Üfunət iyindən evlərdə oturmaq mümkün deyil", - sakinlərdən biri belə deyir.
Qeyd edək ki, Samur-Abşeron su kanalı həm də Novxanı-Görədil yolunun kənarından keçən hissəsində son illər salınmış yaşayış massivinin məişət tullantıları ilə çirkləndirilir. Hansı ki, həmin ərazidə də çoxsaylı fərdi evlər tikilib, yaşayış massivi yerləşir, amma kanalizasiya xətləri yoxdur, üstəlik tullantılar vaxtlı-vaxtında daşınmadığından zibil qutuları da dolub-daşır, oradan da tullantıların bir qismi su kanalına atılır. Sakinlərin bu problem barədə şikayətlərinə sosial şəbəkələrdə yer verilmişdi.
Novxanı-Görədil tərəflərdə salınmış yaşayış massivi: çirkab suları bu kanala axıdılır...
Yeri gəlmişkən, sakinlərin metal sexi kimi tanıdığı, "Tuq zavod" (yaxud "Tokzavod") adlanan köhnə sovet sənaye müəssisəsinin bazasında fəaliyyət göstərən "AzMet" QSC bu ilin avqustunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 min manat cərimələnib. Nazirliyin yaydığı məlumatda deyilirdi ki, "AzMet" QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub. Nəticədə nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, "Tuq zavod" adlanan yaşayış massivində həqiqətən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Lakin gələcəkdə orada kanalizasiya xətlərinin çəkilməsi layihədə nəzərdə tutulub. Kanalizasiya sularının su kanalına axıdılmasına gəldikdə, bunun qarşısının alınması "Azərsu" ASC-nin səlahiyyətində olan məsələ deyil.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə kanalizasiya xəttinin olmaması səbəbindən ərazidə bəzən müəyyən problemlər yarandığını təsdiqləyiblər. İcra Hakimiyyətinin əməkdaşı Eyvaz Qocayev deyib ki, həmin metal emalı müəssisəsi tərəfindən tullantıların atılması haqda icra hakimiyyətinə müraciət daxil olub, lakin araşdırmalar zamanı fakt təsdiqini tapmayıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən isə bildiriblər ki, kanalizasiya suyunun Samur-Abşeron su kanalına tökülməsi iddiası "tamamilə yalandır". Üstəlik, artıq illərdir Taxta Körpü-Ceyranbatan kanalı istifadəyə verildiyindən Samur-Abşeron kanalından Ceyranbatan su anbarını (oradan isə Bakı və Sumqayıtın su təchizatı həyata keçirilir, - red.) doldurmaq üçün istifadə edilmir.
"Samur-Abşeron kanalı 25 kubmetrlik kanaldır, Taxta Körpü-Ceyranbatan kanalın isə maksimal su ötürmə qabiliyyəti 40 kubmetrdir, olduqca əhəmiyyətli layihədir. Yalnız nə vaxtsa bu kanalda təmir işləri aparılarsa, onda Samur-Abşeron kanalından istifadə ediləcək", - ACS-dən deyiblər. Əlavə ediblər ki, buna baxmayaraq Samur-Abşeron kanalı da daim nəzarətdədir, ora kanalizasiya suyunun axıdılması "mümkün deyil"...
Qeyd edək ki, Samur-Abşeron su kanalının tikintisinin tarixçəsi Stalin dövrünə gedib çıxır. Kanal iki hissədən ibarət olmaqla çəkilib, 1939-ci ildə uzunluğu 110 kilometr, su ötürmə qabiliyyəti saniyədə 26 kubmetr olan Samur-Dəvəçi kanalının tikintisi işləri başlayıb və 1940-cı ildə tamamlanıb. Kanalın Dəvəçidən Ceyranbatana qədər olan ikinci hissəsinin tikintisi isə müharibəyə görə təxirə salınıb, müharibədən bir neçə il sonra tikinti işləri başlayıb və Dəvəçi-Ceyranbatan kanalı 1955-ci ildə istismara verilib. Və Ceyranbatan su anbarı yaradılıb. Samur-Abşeron su kanalı torpaq məcrada inşa edildiyindən onun keçdiyi ərazilər boyu suyun ətrafa sızması, bataqlıqların yaranması və qrunt sularının kanala qarışması baş verir.