Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 14:32
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib.