Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 09:04
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.
BŞİH-dən Trend-ə verilən məlumata görə, rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.
Tədbirdə çıxış edən BŞİH başçısı Eldar Əzizov ölkə başçısının apardığı siyasət nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, şəhər infrastrukrunun inkişaf etdiyini qeyd edərək payız-qış mövsümünə hazırlıq tədbirlərinin də şəhərin inkişaf tempinə uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.
Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin