Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sirli məzar, yoxsa minlərlə insanın dərdinə dərman tapdığı məkan?

Sirli məzar, yoxsa minlərlə insanın dərdinə dərman tapdığı məkan?

Tarix: 9 Yanvar 2022 12:46

Astara rayonunun Züngüləş kəndi ərazisində yerləşən Quru Nəbi kənd qəbristanlığı nəinki kənd camaatı tərəfindən, ətraf kənd sakinləri, qonşu rayonlar və hətta başqa rayonlardan gələnlər tərəfindən də ziyarət olunur.

Hirkan Milli parkının müfəttişi Mədət Kərimov qəbristanlıqda dəfn edilən Nəbi adlı şəxsin öz dövrünün vacib şəxsiyyətlərindən olduğunu deyir.

Onun sözlərinə görə, bu qəbristanlıq orta əsrlərdə salınıb. Dəfn edilən gündən bu günə kimi Nəbinin məzarı ehtiramla yad edilməkdəri. Bu şəxs el arasında "Quru Nəbi" çağırılıb və bu məkan da "Quru Nəbi Piri" adlandırılıb. Elə adamlar da var ki, Quru Nəbinin məzarının başında dua edərək öz arzularına çatır, şəfa tapırlar.

"Niyyət tutub məzar daşının yanında şam və çıraqlar yandırırlar. Quru Nəbi haqqında çox da dəqiq məlumatım yoxdur. Lakin ağsaqqallarımızdan eşitdiyimə əsasən bu şəxs İrandan köçüb gəlib və Züngüləş kəndində məskən salıb. Bu qəbristanlıqda dəfn edilib. Quru Nəbinin seyid və böyük din xadimi olması ehtimal edilir.", - Mədət Kərimov deyib.

Mədət Kərimovun dediyinə görə, dini inancların qadağan olunduğu Sovet hakimiyyəti dövründə də camaat çəkinmədən bu piri ziyarət edib:

"Quru Nəbi böyük şəxsiyyət olub. Hətta sağlığında onun yanında olan insanlar artıq-əskik hərəkət etməkdən çəkinərmişlər. Sovet dövründə də bu piri dağıtmayıblar. Bəlkə də Quru Nəbinin məzarının üstündə xüsusi tikili inşa edilmədiyi üçün nəzərə çarpmayıb. Deyilənə görə, vaxtilə məzarın üzərində pir inşa edilib. Amma səhəri gün kənd camaatı gəlib görüb ki, məzar daşı pirdən aralıda çöldə qalıb. Sanki hansısa qüvvə məzarı pirdən əli ilə ayırıb. Bunun necə baş verdiyini bu günə qədər kimsə bilmir. Bu, ilahi sirr olaraq qalır. Ona görə də bir daha Quru Nəbinin məzarı üzərində hər hansı tikili inşa edilməyib."

"Quru Nəbi qəbiristanlığı"nda çoxlu adsız və üstü daşlarla örtülən məzarlar var. Astara rayonu, Hamoşam kəndinin ziyalısı Ağarəhim Abdulovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, rayon ərazisindən belə adsız məzarlar çoxluq təşkil edir. Bu məzarlar adsız olsalar da, sahibsiz deyillər.

"Uzaqda görünən təpənin adı "Bi"-dir. O təpə "Bi kurqanı" adlanır və Tunc dövrünə aiddir. Ehtimal olunur ki, "Bi" qədimdə bu ərazidə yaşayan bir tayfanın adı olub. Hamoşam kəndinin 5 km qərbində Bi yaylasında qədim şəhərin qalıqları yerləşir. Ərazidə 20-dən çox belə qəbirlər var. Toradi kəndindən 3 km qərbdə isə son tunc - erkən dəmir dövrünə aid daş qutu qəbir mövcuddur. Lakin bu qəbir qarətçilər tərəfindən dağıdılaraq açılıb. Adətən daş qutu qəbirlərin üstündə qoyulur. Ərazidə belələri 100-dən çoxdur".

A.Abdulov qeyd edib ki, Bi yaylası yaxınlığında qaya parçalarından yonulmuş çox qədim məzar daşı var. Həmin qəbirdən ərazidə bir dənədir. Bu qəbirin analoquna heç yerdə rast gəlinməyib.

Milli.Az


Etiketlər:  Sirli məzar yoxsa minlərlə insanın dərdinə dərman tapdığı məkan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ