Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 23:42
Mənfəət vergisinin hesablanması üçün vergitutma obyekti mənfəət hesab edilir. Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur və vergiödəyicisinin bütün gəlirləri, hətta ölkədən kənarda əldə etdiyi gəlirlər də nəzərə alınır.
İqtisadçı qeyd edib ki, xərclərə yanaşma fərqli olduğu üçün vergiödəyicisi mənfəət vergisini hesabladıqda bir sıra məqamlar nəzərə alınmalıdır: "Belə ki, vergiödəyicisi mənfəət vergisi hesablayarkən gəlirdən azad edilən əməliyyatlar üzrə xərcləri nəzərə almamalıdır. Bundan başqa, vergiödəyicisinin əyləncə, yemək və digər sosialyönümlü xərclərinin gəlirdən çıxılmasına icazə verilmir. Gəlirdən çıxılmasına icazə verilən bəzi xərclərlə bağlı xüsusi çəki müəyyən edilməlidir. Gəlir və xərclərin uçotu qaydasında isə rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmaya bilər. Həmçinin bəzi xərclər var ki, onlar məhdudlaşdırılmaqla gəlirdən çıxılır".