Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 16:03
Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.
Trend-in məlumatına görə, nazir Şahin Mustafayev Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan türkdilli dövlətlərin tədbirlərində fəal iştirak edir, üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.
İqtisadiyyat naziri Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlər, ölkəmizin bir sıra xarici ölkələrdə uğurla fəaliyyət göstərən ticarət evləri barədə məlumat verərək, Qazaxıstanın Nur - Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb.
Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın hazırki vəziyyəti və genişləndirilməsi imkanları, Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, TDƏŞ-in 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə müzakirələr aparılıb. Qeyd olunub ki, TDƏŞ VII Zirvə Toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin