Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyat yoldaşım həmin görüntüləri görəndə hönkürdü”

“Həyat yoldaşım həmin görüntüləri görəndə hönkürdü”

Tarix: 10 Fevral 2022 15:40

Bu gün əməkdar artist, florist-rəssam Suğra Bağırzadənin doğum günüdür.

Milli.Az xəbər verir ki, 75 yaşı tamam olan sənətkar moderator.az-a doğum günü ilə bağlı açıqlama verib.

"Çox şükür ki, 75 yaşıma çatdım. Doğum günüm mənim üçün bir bayramdır. İlk təbriki hər zamankı kimi ailə üzvlərimdən, daha dəqiq desək həyat yoldaşımdan alıram. O məndən tez işə gedir, səhər oyananda görürəm ki, mənə güllər və digər hədiyyələr alıb. Heç bilmirəm ki, o hədiyyələri yoldaşım harada gətirib gizlədir. Bu əlbəttə ki, mənim üçün çox xoş sürprizdir. Ətrafımdan, həyatımdan, dostlarımdan çox razıyam. Bilirsiniz, insan şükür etməyi bacaranda həyatdan ləzzət alır" deyə aktrisa bildirib.

Suğra xanım baxımlı olmağının sirlərini də bizimlə bölüşüb.

"Bu yəqin ki, genetikdir. Mən xoşlamıram ki, qadınlar xarici görünüşlərinə müdaxilə etsinlər. Hər zaman anamı yadıma salıram, o 83 yaşında dünyasını dəyişdi, amma çox gözəl qadın idi, nuranı siması var idi. Deyirdim ki, çox istəyirəm qocalanda görünüşüm anamın siması kimi olsun" deyə aktrisa bildirib.
 
Suğra Bağırzadə ən yaddaqalan doğum gününü də xatırlayıb.
 
"Kinematoqrafçılar İttifaqında mənim 50 illik yubileyimi qeyd edirdilər. Bax bu mənim yadımda qalıb. Kinostudiyada da doğum günümü qeyd etmişdik. O vaxt bütün dostlarım sağ-salamat idi, biri royalda çalırdı, biri ifa edirdi, digərləri oynayırdı. Dostlarım, yaxınlarım həyatda idi. Heç kimi itirməmişdim. İndiyə qədər bu doğum günüm mənim yaddaşımdan silinmir" deyə aktrisa bildirib.
 
Suğra Bağırzadə film həyatından da danışıb.
 
"Məni "Ulduz" filmindəki Yetər obrazından sonra o qədər filmlərə dəvət etdilər ki. Amma atam qoymurdu, deyirdi ki, sən mühəndis olacaqsan, bizim nəsildən aktrisa çıxmayıb. Ailə həyatı qurana qədər mən heç bir filmdə rol almadım. Ailə həyatı qurandan sonra atam müdaxilə edə bilmirdi, həyat yoldaşım heç bir söz demədi, mənə qadağa qoymadı. Mənə deyirlər ki, dəqiq azərbaycanlıya oxşamıram. Bilmirəm niyə belə fikirləşirlər?! Bəlkə mən digər qadınlardan niyə görəsə seçilirəm?! Bu vaxta qədər çəkildiyim seriallarda, filmlərdə rejissorlar hər zaman məndən razı qalıblar. Heç vaxt eşitməmişəm ki, kimsə məndən narazıdır. İndi ancaq nənə, ana rolları oynaya bilərəm. Bu günlərdə "Şəhid anası" qısametrajlı bir filmdə şəhid anası obrazına çəkilmişdim. Biləndə ki, bu obrazı oynayacağam axşamdan yemək yeməmişdim ki, sifətim bir az yorğun olsun, gözlərim şişmişdi. Hər şey etmişdim ki, sifətim bir az qocalsın. Bu da aktyorun düzgün hazırlığıdır. Bir gün həyat yoldaşım işdən evə gələndə mən ona bu filmi göstərdim. Həyat yoldaşım bu filmə baxa bilmədi, görüntüləri görəndə yeməyini yarımçıq saxlayıb, hönkürərək ağladı. Bu filmə heç kim ağlamadan baxa bilmir" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Həyat yoldaşım həmin görüntüləri görəndə hönkürdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ