Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 20:45
Yaxşı yuxu sağlamlığın həm təməli, həm də göstəricisidir. Bildiyimiz kimi, gecə yuxusu zamanı orqanizm yenilənir və bərpa olunur.
Gecə yuxusu immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. İnsan gecə pis yatır, tez-tez oyanırsa, bu proseslər pozulur və nəticədə insanda müxtəlif xəstəliklər inkişaf edə bilər.
Digər tərəfdən gecə yuxusu zamanı səbəbsiz olaraq tez-tez oyanmaq bəzi xəstəliklər və pozulmaların simptomu kimi də meydana çıxa bilər. Bu pozulmalar hansılardır?
Saglamolun.az bildirir ki, əgər insan 1 ay ərzində müntəzəm olaraq gecə vaxtı 2 dəfə və bundan çox oyanırsa, mütləq həkimə müraciət etməlidir.
Bunun əsas səbəblərindən biri ürək və ağciyər xəstəlikləri ola bilər.
Digər səbəblər arasında - nevroloji pozulmlardır (xroniki stress, depressiya və s.).
Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri də yuxu pozulmasına və gecə vaxtı tez-tez oyanmağa səbəb olur.
Gecə tez-tez oyanıb sidiyə gedirsinizsə, bu sidik kisəsi problemləri və kişilərdə prostat vəzi xəstəliklərinə işarə edə bilər.
Nəzərə almaq lazımdır ki, bəzi dərman preparatları (tərkibində kofein olan, sidikqovucular və s.) da gecə tez-tez oyanmağa səbəb olur.
Qadınlarda bu hal menstrual dövrlə bağlı ola bilər - menstruasiyadan qabaq qadınların yuxusu daha həssas olur. Həmçinin klimaks zamanı da qadınlar gecə pis yatır, tez-tez oyanırlar.
Gecə tez-tez oyanmağın obyektiv səbəbləri də ola bilər - çox isti, havasız otaq, işıqlı otaq, səs-küy və s. Bunlar yoxdursa, lakin insan tez-tez oyanırsa, buna mütləq fikir vermək lazımdır.