Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 18:50
Son günlərdə yoluxmada ciddi azalma və sağalanların sayında artımın müşahidə olunması, insanlarda müəyyən qədər arxayınlıq yaradıb.
Maraqlıdır bəs, ölkədə epidemioloji vəziyyət necədir? Omikron artıq təslim olurmu?
"Omicron" ştammının səbəb olduğu yeni pandemiya dalğası ABŞ və Avropa Birliyi ölkələrində sönməkdədir. Hazırda Azərbaycanda da epidemioloji durum qənaətbəxşdir".
Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, baş infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, koronavirus növbəti fəsil infeksiyaya çevrilə bilər:
"Yeni yoluxma hallarının sayında, əhalinin test olunmaq üçün müraciətlərində azalma qeyd olunur, sağalan xəstələrin sayı yeni yoluxanları üstələyir, yəni, biz hazırda dalğanın enişindəyik. Görülmüş kompleks tədbirlər nəticəsində "omicron" ştammının yayılma sürəti səngiyib, ambulator müəssisələrin iş yükü artsa da, stasionarların izafi yüklənməsi baş verməyib. Kritik xəstələrin sayı və ölüm göstəricisi əvvəlki dalğalarla müqayisədə aşağıdır. Vaxt keçdikcə virusun mutasiyaya uğrayaraq daha yoluxucu olmasını və patogenliyinin zəifləməsini görürük. Əgər proseslər bu istiqamətdə gedərsə, koronavirus növbəti fəsil infeksiyaya çevrilə bilər".
Milli Məclisin deputatı, Əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə hesab edir ki, artıq pandemiyanın son dövrlərini yaşayırıq:
"Ölkədə və dünyada koronavirusa qarşı mübarizədə çox böyük uğur əldə olunub. Son günlər dünyada və Azərbaycanda yoluxma statistikası onu göstərir ki, "omicron" ştammı azalmağa doğru gedir. Ölkəmizdə virus statistikasını müşahidə etsək, görərik ki, sağalanların sayı günü-gündən artmaqda davam edir. Artıq getdikcə bu qlobal təhlükədən xilas olmaq üzrəyik".
Onun sözlərinə görə, yaxın vaxtlarda pandemiyadan öncəki həyatımıza geri dönəcəyik:
"Azərbaycanda koronavirusa qarşı mübarizəni çox yüksək qiymətləndirirəm. Gedişat onu göstərir ki, insanlar bu imtahandan üzüağ çıxdı. Bu gün peyvəndlənmə çox vacib məsələdir. Dünyanı cənginə almış xəstəlikdən qorunmağın tək çıxış yolu peyvəndlənmədir. Bizim əhalinin 60%-dən çoxunun peyvəndlənməsi ölkədəki virusun tezliklə yox olmasına işarədir. İnanıram ki, bir müddət sonra karantin qaydaları tamamilə yumuşadılacaq və biz pandemiyadan öncəki həyatımıza geri dönəcəyik. Günü-gündən ölkəmizdə "omicron" ştammına yoluxma azalır və sağalanların sayı çoxalır. Bu da müsbət hadisədir".