Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən ''Narkomaniyaya yox deyək'' adlı tədbirlər keçirilib

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən ''Narkomaniyaya yox deyək'' adlı tədbirlər keçirilib

Tarix: 30 Aprel 2019 12:04

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzi tərəfindən Quba rayonunun Qaraçay kənd tam orta məktəbində ”Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir həkim narkoloqun, Quba rayon polis və təhsil şöbələrinin, yerli bələdiyyənin nümayəndələrinin, müəllimlərin, yuxarı sinif şagirdlərin və kənd ictimaiyyətinin iştirakı ilə təşkil olunub.

Quba regional mərkəzin rəhbəri Bəhruz Əfəndiyev çıxışında qeyd edib ki, narkomaniya dövrümüzün ən aktual problemlərindəndir və bu faciənin qarşısının alınmasında maarifləndirmə və profilaktik tədbirlərin görülməsi çox əhəmiyyətlidir. O, bildirib ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.

Diqqətə çatdırılıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ təsbit edilib. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi, habelə gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi üzrə müddəaların əks olunduğu barədə məlumat verilib.

Ombudsman Elmira Süleymanovanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətində narkomaniyaya qarşı mübarizə, HİV virusuna yoluxmuş və QİÇS-dən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə işinə geniş yer ayrıldığı haqqında ətraflı məlumat verilib. Müvəkkil tərəfindən narkomaniya ilə mübarizə sahəsində müsbət dəyişikliyə töhfə verəcək səmərəli təkliflərin irəli sürüldüyü iştirakçıların nəzərinə çatdırılıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib, sonda çoxsaylı suallar cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Narkomaniyaya deyək adlı tədbirlər keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ