Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 16:06
Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam edir. Rus ordusu Ukraynanın mərkəzi şəhərlərini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib. Dünyanın diqqəti hazırda Ukraynaya yönəlib və ölkə prezidenti Volodimir Zelenskinin hansı addımları atdığı maraqla izlənilir. Kinodan böyük siyasətə gəlməsinə baxmayaraq, Zelenski Rusiyanın qarşısından bir addım belə geri çəkilmir, sonadək mübarizə aparacaqlarını bildirir.
Sonxeber.net xəbər verir ki, bir vaxtlar Volodimir Zelenski ilə dost olmuş azərbaycanlı jurnalist Şakir Eminbəyli Ukrayna liderilə münasibətləri barədə Modern.az-a danışıb.
Şakir Eminbəyli müharibədən sonra Zelenski ilə əlaqə saxlaya bilmədiyini söyləyib:
"Zelenski dövlət başçısıdır, prezidentidir. Mən isə sıravi və başqa bir ölkənin vətəndaşıyam. Onunla daim təmasda olmaq imkanım yoxdur. Bir neçə dəfə köməkçiləri vasitəsi ilə müsahibə götürmək üçün müraciət etmişəm. Təəssüf ki, dövlət işlərinin həddən artıq çox olduğundan görüşə bilməmişik.
Sonuncu dəfə 2020-ci ildə İsveçrədə keçirilən Davos Forumunda görüşmüşük. Daha əvvəl isə Bakıda Prezident İlham Əliyev tərəfindən Ukrayna Prezidentinin şərəfinə təşkil olunmuş ziyafətdə görüşümüz olub".
Ş.Eminbəyli Ukraynaya qarşı qanlı döyüşlərin başladılmasında Zelenskinin günahsız olduğunu bildirib:
"Ukraynanı Rusiya ilə müharibəyə Zelenski sürükləməyib. Belə yanaşma doğru deyil. Rusiya Ukraynanın Şərqini və Krımı 2014-cü ilə ilhaq edib. Elə o vaxtdan Ukrayna ilə müharibə vəziyyətində idi. Hərbi baxımdan Ukrayna bu müharibədə qalib gələ bilməz - qüvvələr bərabər deyil. Amma, istənilən halda məğlub tərəf Rusiyadır. Zelenski artıq sübut edib ki, güclü xarakterə malikdir. Əks halda Putin ilə baş-başa gəlib dirəniş göstərməzdi. Təəssüf ki, Ukraynaya boş-boş vədlər verənlər əməli iş görmədilər. Zelenskinin yol verdiyi ən böyük yanlışlıq elə bu idi".