Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəfil xəstəlmək heç də...''

''Qəfil xəstəlmək heç də...''

Tarix: 2 Mart 2022 21:51

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov immunitetllə bağlı açıqlamalar verib.

Sonxeber.net xəbər verir ki, baş infeksionist immun sistemininm insanı şiş hüceyrələrinin əmələ gəlməsindən qoruduğunu bildirib.

"İmmunitet və ya immun sistemi orqanizmi xaricdən gələn bütün yad maddələrdən (viruslar, bakteriya, göbələklər və s.) qoruyan, həmçinin bədəndə olan fəaliyyətdən düşmüş və ya köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edən sistemdir. Məsələn, immunitet bizi şiş hüceyrələrin əmələ gəlməsindən qoruyur. İmmun hüceyrələrin bədənin öz hüceyrələrini məhv etməməsi üçün immunoloji tolerantlıq mövcuddur.

İmmmunitet anadangəlmə (qeyri-spesifik) və ya qazanılmış olur. Qazanılmış immunitet öz növbəsində passiv (zərdab vasitəsilə orqanizmə hazır əkscisimcikləri yeritdikdə və ya anadan dölə bətndaxili və yenidoğulmuşa süd vasitəsilə ötürülən) və aktiv (xəstəliyi keçirdikdən sonra və ya vaksinasiyadan sonra formalaşan) olur.

İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bədxassəli törəmələrin inkişafına "dəstək" olur. Bəzən immun hüceyrələr bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə, allergik xəstəliklər yaranır.

Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzunmüddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur.

Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki, bu dərmanların effektivliyi sübut olunmayıb. Terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir. Bütövlükdə immun sistemini gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər.

Qəfil xəstəlmək heç də "immunitetin azalması" demək deyil. Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır. Bəzən biz səhvən tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVI) immunitet sistemindəki pozuntular kimi qəbul edirik. Məsələn, tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Və ya, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşayət olunan yarımkəskin mərhələyə keçir.

Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sisteminin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz. İlk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmayın. Həmçinin qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu da vacibdir, çünki, bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin".


Etiketlər:  Qəfil xəstəlmək heç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ