Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 23:40
Gəncənin 100 yaşlı sakini Tofiq Hüseynov deyir ki, yüz il yaşamaq insanın öz əlindədir. O, uzunömürlülüyünün sirlərindən danışarkən nələrə diqqət edilməli olduğunu açıqlayıb.
Sonxeber.net bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Tofiq Hüseynovla görüşündə onun keçdiyi döyüş yolu, bir əsrə bərabər xatirələri və uzunömürlülüyünün sirri ilə maraqlanıb.
1922-ci il fevralın 24-də Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açan Tofiq baba 1941-ci ildə Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmət keçib. Avropanın dörd ölkəsində onlarla şəhərin faşistlərdən azad olunmasında igidlik göstərib. Xidməti dövründə 20 medalla təltif olunub.
Müsahibimiz 1937-ci ildə faşizmin İspaniyada hakimiyyətə gəlişinə etiraz edən bir qrup gəncin sovet hakimiyyəti tərəfindən SSRİ-nin tərkibində olan ölkələrə, o cümlədən Azərbaycana gətirildiyini xatırladaraq deyir: "O vaxt Gəncə şəhərinə gətirilən ispan pilotlar həmin dövrdə burada pilot kursları keçdilər. Sonra onlar geri qayıda bilmədilər. Gəncədə hərbi təlimlər keçən ispanlar Sovet İttifaqının tərkibində İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı döyüşdülər. Döyüşlərdə ölən bəzi ispan pilotlar elə Gəncədə dəfn olundular. Onlarla çox yaxşı dostluq münasibətlərim olub. Məzarları Gəncənin Fəxri xiyabanındadır".
İkinci Dünya müharibəsindən sonra Tofiq Hüseynov uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hazırda Veteranlar Təşkilatının sədridir.
"Yüz il yaşamaq insanın öz əlindədir. Məncə, bunun üçün üç əmələ riayət etməlisən. Birincisi, insan heç nəyə və heç kəsə həsəd aparmamalıdır. İkincisi, düzgün həyat yoldaşı seçimidir. Üçüncü isə övladlara düzgün təlim-tərbiyə verməkdir. Bu əməllərə riayət etdikdə insanın ömrü bir az da uzanır", - deyə T.Hüseynov bildirir.
Yaxın günlərdə yüz yaşı tamam olan yubilyarın ən böyük arzusu Qarabağın düşmən işğalından azad olunmasını görmək və Zəfər paradında iştirak etmək idi. O, bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza təşəkkürünü bildirərək, azad olunan torpaqlarımızın tezliklə yenidən qurulmasını da səbirsizliklə gözlədiyini söyləyib.