Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 16:20
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 dərslik və metodik vəsait çap edilib.
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin