Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 23:42
COVID-19 pandemiyası üçüncü ildir ki, davam edir. Bu müddət ərzində koronavirusun bir neçə ştamı qeydə alınıb. Son günlər Kiprdə koronavirus infeksiyasının daha yeni bir növü aşkarlanıb. Həmin yeni növ əvvəllər müəyyən olunmuş "delta" və "omikron" ştamlarının hibrididir. Bu barədə məlumatı ilk dəfə Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasının elmi rəhbəri, professor Leontios Kostrikis tərəfindən açıqlanıb. O bildirib ki, xəstələrdən alınmış patoloji materiallardan 25-də yeni infeksiya aşkarlanıb. Eyni zamanda, yeni ştamda həm "delta", həm də "omikron"a xas əlamətlər qeydə alınıb. Daha doğrusu məlum olub ki, yeni ştam infeksiyası "delta" variantı ilə eyni genetik əsasa malikdir. Eyni zamanda, "omikron" variantında olan 30 mutasiyadan 10-u "deltakron"da müşahidə olunub. Bu səbəbdən də COVID-19 infeksiyasının mutasiyaya uğramış bu yeni növü "deltakron" adlandırılıb.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Ağciyər Xəstəlikləri Dispanserinin ftiziatr-pulmonoloqu Afət Novruzova deyib.
Mütəxəssis qeyd edib ki, "deltakron"da olan mutasiyaların sayı "omikron"a nisbətən daha çoxdur. Belə ki, "omikron"da 30-dan çox mutasiya var idisə, "deltakron"da olan mutasiyaların sayı 46-ya bərabərdir. Qırx altı mutasiyadan 10-u "omikron"da olan mutasiyalarla eynidir. Bu qədər mutasiyaya uğramağın səbəbi hələ tam açıqlanmasa da bununla bağlı müxtəlif fikirlər, fərziyyələr var. Onlardan biri virusun həyatda qalması üçün mutasiyaya uğraması, digəri isə peyvəndləmənin az olduğu ölkələrdə mutasiya üçün şəraitin yaranmasıdır.
"Deltakron" ştamının törətdiyi infeksiya da "omikron" kimi çox yüngül, səthi keçir, ağciyər, aşağı tənəffüs yollarına demək olar ki, düşmür. Ancaq yuxarı tənəffüs yollarında olur, bu da özünü çox kiçik əlamətlərlə burun axıntısı, öskürək halsızlıq? nadir hallarda boğaz ağrısı kimi əlamətlərlə büruzə verir. Həmin mutasiyanın daha patoloji, daha yoluxucu olub-olmadığını gələcək göstərəcək. Hazırda yeni ştam haqqında araşdırmalar davam edir.
Ftiziatr-pulmonoloq vətəndaşlara müraciət edərək sadalanan əlamətlərdən hər hansı biri olarsa, mütləq yaxma vermələrini məsləhət görüb: "Yaxma verərkən yoluxucu xəstəliyin aşkarlanması erkən üzə çıxar. Bu zaman həmin xəstə təcrid olunur ki, bu da yayılmanın qarşısını alır. Eyni zamanda, bu, Azərbaycanda da həmin ştamın olub-olmamasını müəyyənləşdirməyə kömək edə bilər.
Hazırda Avropa dövlətləri daxil olmaqla dünyanın bir çox yerində COVID-19 infeksiyası sürətlə yayılır. Azərbaycanda isə məhz dövlət səviyyəsində aparılan tədbirlərə görə yoluxma, xəstələnmə və ölüm sayı günbəgün azalır. COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə ilk addım əhalinin kütləvi vaksinasiyasıdır. Çox sevindirici haldır ki, Azərbaycanda bu, yüksək faizlə aparılır.
COVID-19 infeksiyasına qarşı aparılmış əks-epidemik işlərdən ikinci addım yaxmanın götürülməsidir. Hansısa şikayəti olanlar mütləq tibb məntəqəsinə müraciət edib yaxma verməlidirlər. Yoluxma aşkarlanarsa, xəstənin təcrid olunmağı və karantinə alınmağı vacibdir.
Digər üçüncü addım hələ də qapalı məkanlarda, əhalinin sıx olduğu yerlərdə çox toplanmamaq, maskalardan istifadə olunması və məsafə gözlənilməsidir. COVID-19 infeksiyası üzərində qələbə qazanmaq üçün dünya əhalisinin birləşməsi lazımdır. Bu da sadalanan tədbirləri həyata keçirməklə mümkündür".