Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 21:39
Martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) "Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması" mövzusunda 48-ci sessiyasında "Azərbaycan Respublikasına iqtisadi yardım" adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sonxeber.net-a verilən məlumata görə, qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb.