Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 09:38
Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a daxil olan müraciətdə bildirilir ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuş, bu, eləcə də son günlər havaların qeyri-sabit keçməsi isə yollarda qəza ehtimalının yüksəlməsinə təsirsiz ötüşməyib.
"Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.
Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbrli və təmkinli olmağa çağırırıq.
Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilər",- müraciətdə bildirilir.