Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 14:12
"Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur".
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib:
"Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik. Ancaq həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyildi. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur. Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən - 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda".