Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 13:56
Fransada rusiyalı oliqarxlara məxsus daha 3 malikanəyə həbs qoyulub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Telekanalın məlumatına görə, ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi həbs edilən Rusiya əmlakları siyahısına Rusiyanın alüminium nəhəngi "Rusal" şirkətinin rəhbəri Oleq Deripaskanın 2005-ci ildə alınmış Sankt-Trope və Ramatyuel bələdiyyələri arasında yerləşən böyük villasını əlavə edib.
Biarrits şəhərindəki ikinci villa isə Rusiyanın ən böyük neft-kimya şirkəti "Sibur"un bir neçə yüz milyonluq bazar dəyəri ilə 100 dollara pay alan rus oliqarxı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova (Katerina Tixonovanın keçmiş həyat yoldaşı, 2013-2018-ci illərdə evli olublar - red.) məxsusdur. BFM TV-nin məlumatına görə, onun atası Nikolay Şamalov Putinin "şəxsi bankiri" kimi tanınır.
Üçüncü həbs edilmiş malikanə Sen-Jan-Kap-Ferrada yerləşir və onu 2000-ci illərdə almış çeçen iş adamı, "Alliance" qrupunun prezidenti Musa Bajayevə məxsusdur. Villa Versalın yanında yerləşən məşhur saray əsasında tikilib.
Qeyd edək ki, Avropa İttifaqında sanksiya tətbiq edilən rusiyalı oliqarxların əmlaklarına həbs qoyulur, hesabları dondurulur. BFM TV xəbər verir ki, Fransa artıq dörd yaxta, altı helikopter və 30-a yaxın villanı dondurub.
"Forbes"in aprelin 17-nə olan məlumatına görə, Fransa sanksiyaya məruz qalan rus oliqarxların ümumi dəyəri 920 milyon dollar olan 41 mülkünü dondurub.