Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 13:32
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Qol.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da 3 güləşçimiz mübarizəyə qoşulub.
Xalça üzərinə ilk olaraq, Rəsul Çunayev çıxıb. Yarışa təsnifat mərhələsindən başlayan pəhləvanımız ilk görüşündə Macarıstan güləşçisi Mate Kraşnaya birinci hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin mübahisəli qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olmuş Koreya təmsilçisi Hansu Ryuya uduzub.
87 kq-da İslam Abbasov 1/16 finalda gürcüstanlı Qurami Xetsuriani ilə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb. Lakin Rəsul Çunayev kimi Abbasov da qələbənin davamını gətirə bilməyib. 1/8 finalda pəhləvanımız iranlı Ramin Taherisartanqa bir xal belə qazanmadan məğlub olub -0:6.
97 kq çəki dərəcəsində güləşən Orxan Nuriyev üçün də mundiala uğursuz alınıb. O, elə ilk görüşdə Qazaxıstan idmançısı Yerulan İskakova məğlub olub.
Güləşçilərimizin uduzduğu rəqiblər finala çıxa bilmədiklərindən, pəhləvanlarımız medal şanslarını itiriblər.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) bu gün bürünc medal uğrunda Maks Emilyano Nuri (ABŞ), Rafiq Hüseynov (82 kq) isə "qızıl" uğrunda Laşa Qobadze (Gürcüstan) ilə qarşılaşacaq.