Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 03:04
Bakı. Trend:
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb.
Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb.
T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq.
Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.
O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək.
Hər iki görüş sentyabrın 17-də olacaq.
Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.
Qeyd edək ki, bir gün öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin