Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə mina müəmması: onları kim atıb - təxribat, yoxsa... - Ekspert

Xəzərdə mina müəmması: onları kim atıb - təxribat, yoxsa... - Ekspert

Tarix: 12 May 2022 12:20

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metr dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb. Xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı  əlaqədə zərərsizləşdirilib. Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub. 

Xəzərin Azərbaycan sektorunda minaların aşkarlanması çoxsaylı suallar yaradır.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, həmin minalar yaxın illərdə dənizə atılan minalardır:

"Uzun illərdən sonra birdən-birə gəmi əleyhinə olan 6 minanın bir yerdə tapılması istər-istəməz düşündürücü hadisədir. Həmin minalar sovet vaxtından qalma minalara oxşamır. SSRİ-nin dağılmasından 30 ildən çox keçib. 30 ilə gəmi əleyhinə olan minalar indi tapıldığı vəziyyətdə ola bilməz. 30 il ərzində dəniz suyu, korroziya, lil, axıntı və çöküntülər minalarda müəyyən izlər qoymalı idi. Ötən 30 ildə ərazidə dəfələrlə təlimlər keçirilib, beş Xəzər ölkəsinin gəmiləri burada olub. Nə əcəb bu müddətdə minaları görməyiblər? Burada şübhəli məqamlar çoxdur. Ola bilsin həmin minalar bir neçə il bundan əvvəl sonradan hansısa bir hadisənin baş verməsi üçün Xəzər dənizinə atılıb. Ola da bilər hardansa sualtı axıntıları onları gətirib". 

Ekspertin fikrincə, minaların atılmasında Xəzərdə təxribat törətmək istəyən qüvvələrin marağı ola bilər:

"Bu sayda minanın bir yerdə olması fonunda bir çox qaranlıq məqamlar üzə çıxır. İstiisna etmirəm ki, bu işi Xəzərdə müəyyən təxribat törətmək istəyən qüvvələr də edə bilər. Ən əsası odur ki, gəmi əleyhinə olan həmin minaların Azərbaycana aidiyyatı yoxdur. Qazaxıstan və Türkmənistana da dəxli yoxdur. Həmin minalar ya İrana, ya da Rusiyaya məxsusdur. Başqa kimdənsə, şübhələnməyə yer yoxdur. Ola bilsin ki, Rusiya Xəzərdə təlimlər keçirən zamanı həmin minaları Azərbaycan sektoruna atıb".


Etiketlər:  Xəzərdə mina müəmması onları atıb təxribat yoxsa Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ