Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 12:42
Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyasının icrası məqsədilə yaradılan "İşçi qrup"un görüşü keçirilib.
Görüşdə Müdafiə Nazirliyinin müxtəlif qoşun növü, müəssisə və təşkilatlarının məsul vəzifəli şəxsləri, eləcə də "İşçi qrup"un üzvləri nazirliyin Kommunikasiya Strategiyasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatların operativ çatdırılması zəruri informasiya fonunu yaratmaqla ictimaiyyətin maarifləndirilməsini, vətəndaş məmnunluğunu, eləcə də dövlət-xalq-ordu birliyinin möhkəmləndirilməsini təmin edəcəkdir.
Görüşdə təcrübələrin toplanılması və öyrənilməsi, təhlil metodları, qiymətləndirmə və digər mövzulara dair brifinqlər təqdim olunub, nazirliyin kommunikasiya sahəsində prioritet fəaliyyət istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.