Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 15:00
Ağcəbədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan "Ədiltəpə yaşayış yeri"ndən bir ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən "Qazantəpə" kurqandan bir ədəd həvəng aşkar olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər.
Maddi-mədəniyyət nümunəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə baxış keçirərkən aşkarlanıb.
Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində "Ədiltəpə yaşayış yeri"nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış, qara rəngli, hündürlüyü 22 sm, eni 19 sm olan su qabı yer üzünə çıxıb.
Mütəxəssislərin bildiridiyinə görə su qabı e.ə VII-VI əsrlərə aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə olunub.
Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.
Qeyd edək ki, hər iki abidə mühafizəçisi Vətən müharibəsi qazisidir və işə bir müddət əvvəl qəbul ediliblər.