Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 14:24
Xəbər verildiyi kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliyə münasibət bildirib. Mişelin mətbuat katibinin bununla bağlı yaydığı bəyanatda üçtərəfli Brüssel görüşlərində əldə olunan anlaşmalara bir daha sadiqlik əksini tapıb.
"Avropa İttifaqı regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir" - bəyanatda bildirilir. Qeyd olunur ki, Mişel mayın 24-də iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışlayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyu sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.
"Ermənistanla Azərbaycan arasında əlaqələrin davamlı şəkildə normallaşdırılması üçün çözülməmiş bütün məsələlərin həlli, o cümlədən gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir", - rəsmi açıqlamada diqqətə çatdırılır.
Aİ Şurası rəhbərinin fikrincə, 1-ci Qarabağ müharibəsinə, eləcə də 2020-ci ildə hərbi əməliyyatlara gətirib çıxaran əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır: "Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Şarl Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur, bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir".
Nəhayət, Aİ Şurası Prezidenti əhalini sülhə hazırlamağın vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb. O, İrəvanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davamı üçün əlverişli atmosferin yaradılmasından ötrü vicdanla işləmək niyyətində olduğunu bildirib, habelə Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, bu günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün təzədən regiona yola düşəcək. Bu barədə də mətbuat katibinin yaydığı bəyanatda deyilir.
*****
Xatırladaq ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair 22 may bəyanatında keçmiş Dağlıq Qarabağın adı çəkilməyib, "status"dan söz açılmayıb. Həmçinin ATƏT-in Minsk Qrupu haqda heç nə deyilməyib. Bu da rəsmi İrəvanın narazılığına səbəb olub. Ermənistanın radikal müxalifəti isə hakimiyyəti milli maraqlara xəyanətdə ittiham edib. Hərçənd yeni "kontrarqument" də radikal-revanşistlərin işinə yaramayıb: ölkədə hakimiyyət əleyhinə etirazları genişləndirmək mümkün olmayıb.
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, bu xüsusda onu da yada salaq ki, parlamentdə mayın 25-də etdiyi çıxışında Ermənistan baş naziri bildirmişdi ki, "İrəvan və Bakı Brüssel danışıqlarının yekunu üzrə bəyanatın mətni ilə bağlı razılığa gəlməyib". Paşinyan ardınca demişdi: "Sülh müqaviləsi üzrə mümkün danışıqlar kontekstində Bakı 5 təklif, İrəvan isə müşahidələrini və gündəliyini təqdim edib. Bunun əsasında danışıqlar aparılmalıdır. Təklif etdiyimiz prinsiplər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını, həmçinin yekun statusun dəqiqləşdirilməsini təsbit edir".
Nikol Paşinyana görə, tərəflər müzakirələr zamanı ifadələrlə bağlı razılığa gəlmədiyindən, Avropa İttifaqı Prezidenti, onun zənnincə, "hər iki tərəfin mövqelərini əks etdirən mümkün qədər çox elementi özündə ifadə etməyə" qərar verib. Bununla da özü əleyhinə olan ittihamları yumşaltmağa çalışmışdı.
Lakin Ş.Mişelin ikinci bəyanatından göründüyü kimi, Avropa İttifaqı Şurası faktiki öz mövqeyini təsdiqləyib və sülh oyununa davam eləmək üçün İrəvana hər hansı təzə bəhanə, tutarqa verməyib. Hər halda, bəyanat mətnində mayın 22-də olduğu kimi, yenə nə Minsk Qrupunun adı çəkilir, nə də "Dağlıq Qarabağ" və erməni tərəfinin uydurduğu "Artsax xalqı və ya Dağlıq Qarabağ" mifik anlayışları yer alır, yaxud statusdan danışılır. Əvəzində növbəti dəfə əhali qrupu, yəni Azərbaycandakı etnik qruplardan biri olan etnik erməni əhalisindən bəhs edilir.
Qısası, Şarl Mişelin mətbuat katibinin son açıqlaması rəsmi Bakının mövqeyinin doğruluğunun növbəti təsdiqidir.
*****
Bu yanaşmanı Brüsselin İrəvana 2-ci dəfə "sarı vərəqə" göstərməsi kimi də qiymətlədirmək olar. Futbol termini ilə desək, 2-ci vərəqədən sonra isə "qırmızı vərəqə" gəlir.
Azərbaycana gəlincə, dəfələrlə qeyd elədiyimiz kimi, Bakı bütün variantlarda uduşlu mövqeyə sahibdir. Çünki qalib və güclü tərəfdir. Ona görə də öz şərtlərini dəyişməyəcək. Əsas o səbəbə ki, bu şərtlər hamı üçün ədalətlidir. Hətta cığal Ermənistanın da maraqlarına cavab verir.
Odur ki, rəsmi İrəvan nə qədər gec deyil, daşları öz ətəyindən tökməli, mənasız hikkəsindən, söz və termin oyunundan əl çəkməlidir. Daha bir səbəbə: zaman iqtidarlı-müxalifətli Ermənistana və onun xalqına işləmir və bir azdan Azərbaycanın masa üzərindəki təklifləri sərtləşdirilə bilər...