Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 17:16
Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya və rüşvətxorluqda ittiham olunan xeyli sayda məmur azadlıqdan məhrum edilib. Onlardan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm oxunanlarla yanaşı hazırda məhkəməsi davam edənlər də var.
Eləcə də həbs olunan məmurlardan bəziləri səhhətlərində yaranan problemlər səbəbindən yollarını xəstəxanadan salmağa məcbur olublar. Onlardan bir qismi isə elə oradaca dünyasını dəyişib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, son illərdə həbs olunduqdan sonra xəstəxanaya yerləşdirilən və dünyasını dəyişən məmurları araşdırıb:
Nizaməddin Quliyev
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ötən ilin avqustunda 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş icra başçısı həbsindən bir ay sonra, sentyabrın əvvəllərində COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib. O, sentyabrın 8-də dünyasını dəyişib. Qeyd edək ki, korrupsiya ittihamı ilə həbs olunan Nizaməddin Quliyevin 600 min manatlıq əmlakına da həbs qoyulub.
Qoca Səmədov
2019-cu ildə Korrupsiya ittihamı ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov 2021-ci il dekabrın 30-da xəstəxanaya yerləşdirilib. Buna səbəb isə Q. Səmədovun ürəyindən əməliyyat olunmasıdır. Qoca Səmədov martın 1-də yenidən eyni problemlə bağlı olaraq xəstəxanaya köçürülüb və növbəti dəfə əməliyyat olunub.
Rəfael Cəbrayılov
Sentyabr ayında həbsdə olan sabiq deputat Rafael Cəbrayılov Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib. Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Vidadi Muradov
"Azərxalça" ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov da ötən il həbs olunan məmurlar sırasındadır. Belə ki, qurum rəhbəri külli miqdarda mənimsəmə ittihamı ilə ötən ilin yanvarında azadlıqdan məhrum edilib. Lakin noyabrın 1-də müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Viradi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub.
Vüqar Səfərli
Bu il martın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb və o, Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Külli miqdarda mənimsəmə ittihamı ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V. Səfərli mayın 23-də müalicəsini başa vurduqdan sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Səlim Müslümov
Ötən ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb. 2022-ci ilin 26 may tarixində ev dustaqlığına buraxılan eks nazir, iyunun 1-də xəstəxanaya yerləşdirilib.
Rövşən Əkbərov
Qəsdən adam öldürmə maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilən general-leytenant Rövşən Əkbərov iyunun 2-də Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. R. Əkbərovun xroniki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.