Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 20:48
Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib: “Hesab edirəm ki, Azərbaycan ali məktəbləri arasında bu cür münasibət qurmaq son dərəcə vacibdir. Biz də əl-ələ verib Azərbaycan naminə görülən işlərə öz töhfəmizi verməliyik. Mənə elə gəlir ki, həm bizim tələbələrimizin sizin müəllimlərin və mütəxəssislərin mühazirələrinə, məşğələlərinə, həm də Polis Akademiyasının tələbələrinin də bizim müəllimlərin məsləhətlərinə ehtiyacı var. Universitetimizdə bir sıra ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, biz onların yalnız burada yaradılması ilə kifayətlənmək istəmədik. Yaradılan mərkəzin işi həmin ölkənin mədəniyyəti, dili, tarixini burada təbliğ etməkdir. Bu istiqamətdə tələbə qəbul olunur, cürbəcür tədbirlər keçirilir. Hazırda bizim məqsədimiz həmin ölkələrdə də Azərbaycan mədəniyyətinin təbliğini təşkil etməkdir. Yəni, güzgü kimi bir-birinin əksi olmalıdır. Bu, artıq öz bəhrəsini verir. Serbiyanın Belqrad Universitetində, Hindistanda, Çində, Rusiyada, Gürcüstanda Azərbaycan dili və mədəniyyəti mərkəzləri var. Digər ölkələrlə də danışıq prosesləri gedir. Yəni, bu, bizim onlardan xahişimizdir, onlar da böyük məmnuniyyətlə bunu həyata keçirirlər. Əsas məsələ odur ki, onların bu gün Azərbaycanı öyrənməyə həvəsləri, maraqları var. Bu da Azərbaycanın bugünkü durumunun, inkişafının, ölkə Prezidentinin apardığı siyasətin, polis işçilərinin Azərbaycanda olan bu rifahın keşiyində doğru-düzgün, mətinliklə durmasının nəticəsidir. Ona görə də mən güman edirəm ki, sizin xarici dil həvəsinizi və arzunuzu yerinə yetirmək işində sizə köməklik göstərə bilərik, sizin mütəxəssislərin universitetimizdə vaxtaşırı mühazirə oxumaqlarını təşkil edə bilərik. Mənə elə gəlir ki, ideyalarımız bir-birini tamamlayacaq”.
Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib: “Bu gün ölkə başçımız da öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik”.
Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin