Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 00:20
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF-in və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri ilə birgə “Həssas qrupların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda seminar keçirilib.
Trend-in məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin, EUR-OPA-nın icraçı katibi Gianluca Silvestrininin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin, BMqT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevin iştirak etdiyi həmin seminarda Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Turan Cahangirova iştirak ediblər.
Beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və həssas qruplardan olan insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ekspertləri bir araya gətirmək məqsədilə təşkil edilmiş tədbirdə “Azərbaycanda həssas qrupların təhlükələrdən qorunması sahəsindəki cari vəziyyətin təhlili”, “Həssas qrupları təhlükələrdən qorumaq üçün beynəlxalq öncül təcrübələr, layihələr və alətlər”, “Diqqəti həssas insanlara yönəltməklə fəlakət risklərinin aradan qaldırılması: inklüziv yanğın təhlükəsizliyinin çətinlikləri” mövzuları üzrə miqrantların, məcburi köçkünlərin, qaçqınların və sığınacaq axtaranların, əlilliyi olan şəxslərin, uşaqların, habelə əhalinin digər həssas qruplarının təhlükələrdən qorunması ilə bağlı maraqlı təqdimatlar edilmiş, Azərbaycana ən uyğun ssenariyə dair fikir mübadiləsi və müzakirələr aparılıb.
Ombudsmanın nümayəndələri tədbirdə çıxış edərək İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş təhlükəsiz yaşamaq hüququnun müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat veriblər. Onlar ötən dövrlərdə Bakı şəhərində keçirilmiş Ombudsmanların X Bakı Beynəlxalq konfransının “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr olunduğunu, həmin tədbirdə fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması, fövqəladə hallarda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, fövqəladə vəziyyətdə ekoloji hüquqların müdafiəsi, habelə təhlükəsiz yaşamaq hüququnun təmini ilə bağlı digər mühüm məsələlərlə bağlı maraqlı məruzələr edildiyini, müzakirələr aparıldığını bildiriblər.
Təbii fəlakət və texnogen qəzalar zamanı insanların, o cümlədən də əhalinin həssas qruplarının həyatının xilas edilməsi, fəlakətlərdən zərər çəkmişlərə yardım göstərilməsi - evlərinin əsaslı təmiri, onların yeni mənzillərə köçürülməsi, maddi yardım göstərilməsi, sosial obyektlərin inşası vətəndaşların təhlükəsiz yaşamaq və mülkiyyət hüququnun təmini baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqın, məcburi köçkün və miqrantların, həmçinin digər həssas qrupların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi, həmin qəbildən olan insanların fövqəladə hallara hazırlanması, onlara belə hallar zamanı düzgün davranış vərdişlərinin aşılanması, əsas insan hüquqlarından olan yaşamaq hüququnun təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin