Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada nəşr olunan beynəlxalq jurnalın xüsusi nömrəsi Azərbaycana həsr edilib

Fransada nəşr olunan beynəlxalq jurnalın xüsusi nömrəsi Azərbaycana həsr edilib

Tarix: 1 Iyul 2022 11:18

"Nations Emergentes": Bugünkü Azərbaycan öz gücünün zirvəsindədir

Paris şəhərində fransız dilində nəşr edilən "Nations Emergentes" Beynəlxalq ticarət jurnalının iyul nömrəsi Azərbaycana həsr olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fransa və Avropa biznes mühitini hədəfləyən jurnal inkişaf etməkdə olan bazarlarda iş görmək istəyən şirkətlərə zəruri məlumatlar çatdırır, onları yeni bazarlarla yaxından tanış edir və bu sahədəki potensialı üzə çıxarmağa çalışır.

"Nations Emergentes" jurnalı beynəlxalq ticarət sahəsində ixtisaslaşıb və yeni bazarlarla Avropa biznes şəbəkəsi arasında əlaqə və tanışlıq imkanı yaradır. Jurnal mütəxəssislərin təhlillərinə əsaslanaraq yeni bazarların potensialı barədə etibarlı məlumatlar təqdim etməklə iş adamlarını yeni fürsətləri dəyərləndirməyə sövq edir. Onlayn formatda olan jurnal Avropanın xarici ölkələrlə əməkdaşlıq edən, idxal-ixrac əməliyyatları həyata keçirən 10 mindən çox şirkətlər şəbəkəsində yayılır, eyni zamanda, geniş ictimaiyyətin diqqətinə təqdim olunur.

Bu baxımdan sürətlə inkişaf edən, Ermənistanın işğalından azad olunan Qarabağda böyük quruculuq işləri həyata keçirən və regionda strateji geosiyasi mövqeyə malik olan Azərbaycan Avropa biznes şəbəkəsi üçün xüsusi maraq doğuran ölkədir. Jurnalın "Azərbaycan, gələcəyə inam" adlanan nömrəsində ölkəmizin iqtisadi göstəriciləri ilə yanaşı, ictimai fəaliyyətin müxtəlif sahələri ilə bağlı analitik məqalələr yerləşdirilib.

Xüsusi nömrənin təqdimatında deyilir: "Bugünkü Azərbaycan öz gücünün zirvəsindədir, çünki uşaqlar üçün daha yaxşı gələcək təmin edilib". Eyni zamanda, qeyd olunur ki, Mərkəzi Asiya ilə Avropa arasında ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi, zəngin enerji resurslarına malik olması, 2020-ci ildə Ermənistanla müharibədə qalib gəlməsi kimi amillər bu inamı daha da gücləndirir və respublikanı xarici şirkətlər və sərmayəçilər üçün cəlbedici məkana çevirir. Bu nöqteyi-nəzərdən çıxış edən jurnal Azərbaycanın geniş biznes imkanlarına malik olması qənaətinə gəlir və onu müxtəlif aspektlərdən təqdim edir.

Azərbaycanlı mütəxəssislər tərəfindən yazılan məqalələrdə əvvəlcə Azərbaycan və onun qədim mədəni sərvəti haqqında məlumat verilir, Şuşa şəhərinin mədəni inkişafa töhfəsi vurğulanır. Daha sonra Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət və ölkənin əlverişli biznes mühiti haqqında ətraflı təhlillər aparılır. Jurnalda yer alan materiallarda Azərbaycanın yerləşdiyi coğrafi mövqedən düşünülmüş və məqsədyönlü şəkildə yararlanması, hasil olunan karbohidrogen ehtiyatlarının nəqli üçün reallaşdırılan çoxşaxəli neft və qaz boru kəmərləri, yeni nəqliyyat dəhlizləri və bu məqsədlə zəruri infrastrukturun, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yollarının istifadəyə verilməsi, yaşıl enerji imkanları Avropa biznes şəbəkəsi üçün fürsət kimi dəyərləndirilir.

"Nations Emergentes" beynəlxalq jurnalı Azərbaycanın digər ölkələrlə müqayisədə rəqabət üstünlüyünün, regionun inkişaf edən ölkəsinə çevrilməsinin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik və məqsədyönlü siyasətin nəticəsi olduğunu oxucuların diqqətinə çatdırır. Xüsusi nömrədə, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng yenidənqurma və bərpa işlərindən bəhs edilir, iqtisadi fəaliyyətin müxtəlif sektorları, o cümlədən şərabçılıq, turizm, heyvandarlıq, bərpa olunan enerji potensialı barədə məlumatlar verilir.


Etiketlər:  Fransada nəşr olunan beynəlxalq jurnalın xüsusi nömrəsi Azərbaycana həsr edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ