Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 23:50
Tbilisidə keçirilən "Evə, Avropaya" şüarlı mitinqin iştirakçılarının bir qismi hakim Gürcü Arzusu Partiyasının mərkəzi qərargahına doğru yürüş edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, ofisin yaxınlığına çatan aksiyaçılar "Get, get!" şüarı səsləndirirlər.
Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.
Mitinq iştirakçılarının bir hissəsi isə gecəni parlamentin binası önündə keçirməyi planlaşdırıblar. Onlar səhər saatlarında hökumət administrasiyasının binası qarşısında aksiya keçirəcəklərini bildiriblər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 24:00-dək istefa verməsi tələb olunub.
Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.
Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək.
Qeyd edək ki, Tbilisidə "Evə, Avropaya" şüarlı kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.