Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 18:08
Yeni Günəşli və Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən yolun bir hissəsində aparılan divar tikintisi sakinlərin narazılığına səbəb olub. İddia olunur ki, həmin divar yolun daraldılması hesabına çəkilir və zolağın bir hissəsi kəsilərək qəbiristana satılıb. Avtomobil Yolları Dövlət Agentliyi bu iddialara cavab verib.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki,Yeni Günəşli və Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən dördzolaqlı yolun 1 zolağının qəbiristan ərazisinə satıldığı iddia olunur. Bildirilir ki, Yeni Günəşli qəsəbəsinə gedən yolun sağ tərəfində aparılan divar tikintisi də elə bu məqsədə xidmət edir və həmin divar yolun daraldılması hesabına çəkilir.
Səsləndirilən iddiaların həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün həmin əraziyə yollandıq. Burada istinad divarının çəkilişini həyata keçirən heç bir işçi gözə dəymədi. Bu isə onsuz da dar olan bu yolda uzun tıxac deməkdir. Sürücülər bu durumdan 1 ildən çoxdur əziyyət çəkdiklərini deyirlər.
Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Sədaqət Səmidov çəkiliş qrupumuza yaxınlaşaraq bildirdi ki, istinad divarı qəbiristan ərazisində baş verən torpaq sürüşməsinin qarşısını almaq məqsədilə inşa olunur. İşlərin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırırılır.
İşlərin yubanmasının səbəblərinə gəlincə isə Agentliyin nümayəndəsi bunu bir neçə səbəblə izah etməyə çalışdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə o da bildirildi ki, sözügedən ərazidə baş verən torpaq sürüşməsi ilə bağlı istinad divarının tikintisi işləri Nazirlər Kabinetinin tapşırığı ilə "Azərdövlətsənayelayihə" İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən icra olunur. İstinad divarı layihəyə uyğun olaraq, eni 14 metr təşkil edən yolun 4 hərəkət zolağı saxlanmaqla inşa edilir.