Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 10:52
Bakı. Trend:
Sentyabrın 20-də Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosu və ümumilikdə 400 milyon istifadəçisi olan “Ctrip” və “Qyer” onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarını ortaq əməkdaşlıqla inkişaf etdirmək və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çinin getmə turizmi üçün böyük potensialı mövcuddur.
O diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin avqust ayının sonunadək bu say 17 min nəfər təşkil edib və bu tendensiya artmaqdadır.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 21-dək Çinin Şanxay, Quançjou və Pekin şəhərlərində silsilə təqdimatlar keçirib.
"Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən ümumilikdə 250-ə yaxın turizm şirkəti iştirak edib.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin