Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 15:06
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Hərbi Məhkəməsində dələduzluq, hədə-qorxu ilə tələb etmə və digər ağır cinayətlərdə təqsirləndirilən Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə bildirilib ki, zərərçəkmişlərdən məhkəməyə gəlməyənlər olub.
Təqsirləndirilən V.Mahmudovun vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin