Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 12:33
"Nikol Paşinyanın məğlubiyyəti sayəsində rəsmi Brüssel üçün artıq Dağlıq Qarabağ problemi yoxdur". "Yeni Müsavat" erməni mediasına istinadla xəbər verir ki, bunu "Respublika" partiyasının sədr müavini Armen Aşotyan bildirib. Aşotyan buna sübut olaraq, bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının baş katibinin imzaladığı rəsmi sənədi nümunə göstərib:
"Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır. Yəni Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, qiymətləndirmələri, problemlər və müxtəlif sahələrdə qeydə alınan uğurlar ümumiləşdirilib. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bu mətndə bir dəfə də olsun, "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların dözümlü olduğu "Qarabağ" sözündən istifadə edib. Avropa İttifaqının rəsmi cavabına görə, Dağlıq Qarabağ yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. O, üçtərəfli görüş zamanı "Dağlıq Qarabağ" ifadəsini işlətməkdən imtina edib və indi bütün bunlar rəsmi sənədlərdə var".
Sonxeber.net yeni müsavat-a istinadla xəbər verir ki, Aşotyan əlavə edib ki, nə Ermənistan XİN rəhbərliyinin, nə də Təhlükəsizlik Şurası üzvlərinin bu sənədi oxumadığına əmindir. Məlumdur ki, Aİ-də bəzi qüvvələr qondarma status məsələsini dəstəkləyirlər. Amma partiya sədrinin istinad etdiyi sənəd o deməkdir ki, ermənilər daha bir dəstəyi itirməyin acısını yaşayırlar. Aİ-nin bu ifadədən imtina etməsi əlbəttə ki, həm də Bakının prinsipial mövqeyindən qaynaqlanır. Erməniləri belə təlaşlandıran nədir?
"Gərək nə qədər məntiqsiz fikir yürüdəsən ki, Avropa İttifaqı niyə "Dağlıq Qarabağ" ifadəsi işlətmir? Axı gözlərinin qabağında Avropa İttifaqı Azərbaycanla saziş imzalayıb, strateji münasibətlər qurub, qaz nəqlini 20 milyard kuba çatdırmaq istəyir, Rusiya ilə müharibəyə görə Azərbaycan qazına ehtiyac var. Bu halda Avropa İttifaqı "Dağlıq Qarabağ" ifadəsi işlədərmi?" - "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat"a bu mövzuda danışarkən belə qeyd etdi. Politoloq xatırlatdı ki, Aİ şurası prezidenti Şarl Mişelin də liderlərlə görüşündə "Dağlıq Qarabağ" deyilməyib, bəyanatlarda da yoxdur: "Bizim rəsmi bölgümüz budur ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları yaradılıb. Ona görə Paşinyan olmasaydı da Avropa İttifaqı belə mövqe sərgiləyəcəkdi. Əlbəttə, bizə onların ehtiyacı var və özlərini yaxşı aparırlar. Ancaq indi ermənilər bundan başqa bir həşir də qoparıblar: Avropa niyə yalnız Ukraynanı müzakirə edir, bizi yada salmır, erməni əsirlər haqda söz açılmır və s. Amma onlara əhəmiyyət verən yoxdur. Bu məsələni niyə qaldırmalıdırlar ki?"
E.Şahinoğlu ümidlidir ki, Rusiya kimi ABŞ da Minsk Qrupundan imtina edəcək: "Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığı oldu. Ermənilər bilməlidirlər ki, artıq məsələ bitib və Cənubi Qafqazda yeni bir reallıq mövcuddur".
Siyasi şərhçi Xəyal Bəşirov isə deyir ki, Ermənistanda müxalifətdən belə fikirlər tez-tez eşidirik: "Hər üç Brüssel görüşündə "status", Minsk Qrupu, "Dağlıq Qarabağ" ifadəsi yoxdur. Deməli, Avropa İttifaqının Cənubi Qafqazla bağlı mövqeyi nədən ibarətdir. Sadəcə, erməni tərəfi şou göstərir və Paşinyanı devirmək üçün cəmiyyətdəki narahatlığı qüvvədə saxlamaq istəyirlər. Həmçinin Soçi, Moskva görüşlərində də "status" və "Dağlıq Qarabağ" deyilmir, postmünaqişə sözü işlədilir. Ermənistan isə çalışır ki, guya münaqişənin olduğunu göstərsin". Ekspert söylədi ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıya səfəri oldu, strateji əməkdaşlıq haqda memorandum imzalandı, Ukrayna müharibəsi fonunda Azərbaycan qazına tələbat daha da artıb, alternativ enerji mənbələri sahəsində də bizimlə əməkdaşlıq ediləcək: "Əgər bu məsələlər müzakirə edilirsə, belə yerdə yersiz "Dağlıq Qarabağ" ifadəsinə nə zərurət var? Dünya görür ki, ermənilər Qarabağ yox, hakimiyyət uğrunda mübarizə aparırlar. Odur ki, bu cür sərsəm çıxışlara yenə şahid ola bilərik. Amma həlledici mərhələni geridə qoymuşuq, siyasi və diplomatik müstəvidə üstünlüyümüzü davam etdiririk, bu da Ermənistanı ciddi şəkildə narahat etməkdədir".
Siyasi şərhçi Ramiyə Məmmədova Aşotyanın savadsız danışdığını düşünür: "Bilməlidir ki, Avropa İttifaqı ilə iqtisadi müstəvidə sənədlər imzalanıb. Əlbəttə, strateji və siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir, lakin əsas məsələ qaz nəqlidir. Bu halda keçmiş münaqişə ilə bağlı hesabatda niyə qeyd olmalıdır? Yəni tamamilə bisavad yanaşmadır, sadəcə, haray-həşir salıblar".
Ekspert Aİ-nın indiki halda Bakını narazı salacaq açıqlaması olmayacağını güman edir: "Danışıqların ritmini və tempini pozmaq istəməzlər. Bu, həm də Rusiya ilə rəqabətə görədir. Ermənistanda partiyaların dərdi Paşinyanı hər çıxışda xain çıxarmaq cəhdidir. Sanki hakimiyyətə gəlsələr, fərqli siyasət yürüdə bilərlər. Ermənilər ağlaşma qurmaqdansa, reallıqlarla barışıb praqmatik siyasət aparmalı, Ankara və Bakı ilə hesablaşmalıdırlar. Bu, İrəvanın rusun vassalı olmaqdan xilası üçün yeganə alternativdir. Onlar gah Avropadan, gah Rusiyadan şikayət etməkdənsə, proseslərin irəliləyişi üçün normal mövqe qoymalıdırlar. Çünki Avropa İttifaqı heç zaman "status" və "Dağlıq Qarabağ" deməyəcək, bu qurum üçün Azərbaycan-Ermənistan arasında münasibətləri normallaşdırmaq, üçtərəfli sənəddə olan razılaşmaları icra etdirmək missiyası dayanır. Şarl Mişel kommunikasiyalar və digər məsələləri gündəliyə çıxarır".