Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 08:04
"Oyundan və futbolçularımdan çox danışmaq olar. Amma istəmirəm danışım. Sadəcə, futbolçularımı bağrıma basıram, hər birini təbrik edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə cavab matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
İlk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi iki matçın nəticəsinə görə 3-cü təsnifat mərhələsinə yüksəlib. Qurbanov futbolçularının sona qədər döyüşdüyünü bildirib:
"Bu gün həqiqətən də "Qarabağ"a layiq inamlı insanlar gördük. Bu gün meydanda güclü bir kollektiv var idi. Mən həmişə futbolçularımızı döyüşçü adlandırıram. Həqiqətən bu gün oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi. Hər bir halda futbolçularım buna layiq idi. Allaha şükür ki, hər şey istədiyimiz kimi oldu. Əvvəl də demişdim ki, "Sürix" bizə uyğun rəqib deyil. Bütün Azərbaycanl təbrik edirəm. "Sürix"ə gələcək oyunlarda uğurlar arzulayıram.
Q.Qurbanov hesabda geri düşəndə futbolçularına hansı tapşırıqları verməsindən də danışıb: "Bəli, bir az gərgin dəqiqələr idi. Futbol dilində anlatdım hər şeyi. Belə oyunlar həm futbolçuları, həm də məni daha da böyük edir. Bəzən bu cür matçlarda məğlub olsaq da, məyus olmuram. Belə oyunlar hamımıza lazımdır. Bəzi tapşırıqları verdim. Rəqibin uzun ötürmələrində diqqətli olmağı tapşırdım. Başqa tapşırıqlar da oldu. İndi hamısı yadımda deyil. Bu da bir təcrübə oldu".
Baş məşqçi zədəli futbolçuların durum haqda isə deyib: "Medinanın zədəsi ciddiyə oxşayır. Sabah axşam Bakıda daha dəqiq diaqnoz qoyulacaq. Digər futbolçularda yorğunluqdan olan zədələrdir".
Q.Qurbanov əvəzetmələri haqda da danışıb: "Belə oyunlarda 5 əvəzetmə haqqının olması bir az üstünlükdür. Çünki biz avrokuboklara daha tez, komanda optimal formadan uzaq olan vaxt başlayırıq. İlk oyunlarda bəlkə futbolçuların hazırlıqsız olmalarına görə əvvəlcədən bəzi planlarımız olur. Amma get-gedə oyunların gedişatı məcbur edir ki, bu addımları ataq. Həmişə ehtiyatımızı saxlayırdıq ki, bəlkə kimsə zədələnər, həddən artıq yorular və ya əlavə vaxt olar. Bu 5 əvəzetmə hər bir komana üçün böyük üstünlükdür".