Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abituriyentləri intihardan necə qoruyaq?

Abituriyentləri intihardan necə qoruyaq?

Tarix: 28 Iyul 2022 13:24

Hər il qəbul imtahanları zamanı xeyli gənc abituriyent psixoloji sarsıntılar yaşayır. Hazırda da abituriyentlər üçün ən ağır dönəmdir, imtahan nəticələri elan olunur, ixtisas seçimlərı bir neçə gün sonra başlayacaq.

Milli.Az yeni müsavat-a istinadla bildirir ki, artıq iki abituriyent intihar edib. İddialar var ki, uğursuz olan gənclərə daha çox valideyn tənəsi, onların etimadını doğrultmamaları təsir edir. Bu səbəbdən, valideynlər hər hansı səbəbdən imtahanlarda zəif nəticə əldə edən gənclərə münasibətdə həssas olmalı, onlara həyatın bitmədiyini anlatmalı və peşə ixtisaslarına yönəltməli, növbəti il imtahanına hazırlaşmağa həvəsləndirməlidirlər.

Əlbəttə, intiharlardakı amillər yalnız valideyn təzyiqi - tənəsi deyil. Prosesin ağırlığı, ətraf mühit, pandemiya dövründə normal tədris, təhsil ala bilməmələri səbəbindən gənclərin depressiyaya düşməsi də ciddi faktorlardır.

Elnur Rüstəmov: "İmtahana qəbul prosesində fənn hazırlığı psixoloji hazırlıqla paralel aparılmalıdır"

Tanınmış psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı "Yeni Müsavat"a bunları şərh etdi: "Son zamanlar qəbul imtahanları və nəticələrin elan olunması ilə bağlı bir çox abituriyentlərdə suisidal halların yaşandığının şahidi oluruq. Hətta sonuncu xəbərdə abituriyent intihardan öncə valideynlərdən birinə məktub yazıb. Əslində bu hal uzun illərdir ki, davam edir. Qəbul imtahanlarından sonra biz abituriyentlər arasında intihara cəhd hallarının şahidi oluruq. Hansı ki bu intiharların bir qismi ölümlə nəticələnmir.  Hətta ölümlə nəticələnməyən vaxt da biz görürük ki, valideynlər belə faciədən sonra da uşaqlarının psixoloji dəstək almasına ciddi yanaşmırlar. Bir məqamı qeyd etmək lazımdır ki, imtahana qəbul prosesində fənn hazırlığı psixoloji hazırlıqla paralel aparılmalıdır. Abituriyent həm fənn hazırlığını keçməlidir, həm də psixoloji hazırlıqdan keçməlidir. Məktəbdə, şagirdlərin repetitor üçün getdiyi kurslarda da psixoloji dəstək göstərilməlidir. Belə olduğu təqdirdə abituriyent imtahan prosesinə kompleks şəklində hazırlaşmış olur. O da onların imtahanda daha yaxşı bal toplamasına müsbət təsir göstərir. Təəssüflər olsun ki, bu hal baş vermir. Yalnız bir qisim valideyn imtahan prosesinə 5-6 ay qalmış psixoloq yanına gətirirlər. Motivasiyanın üst səviyyədə saxlanması, zamanın düzgün planlanması, özgüvənin formalaşdırılması ilə bağlı onlara müəyyən psixoloji dəstək göstərilir. Əlbəttə, bu prosesdə valideynlərin təzyiqi xüsusi qeyd olunur. Valideyn birmənalı şəkildə imtahan prosesində və imtahandan sonra övladına mənəvi dəstəyi göstərməlidir. Bu gün abituriyentlərin böyük bir qismi 9, 10-11-ci sinifdən hazırlığa gedirlər. Bu müddət ərzində də valideyn bunun üçün maddi vəsait xərcləyir. Valideyn gəzməyindən, yeməyindən, içməyindən kəsir, uşağının təhsil almasına yönəldir. Şübhəsiz valideynin gözləntisi olur. Valideyndən də digər qohumlar, qonşular, tanışlar soruşurlar, maraqlanırlar. Bu da valideyn-övlad münasibətinə mənfi təsir göstərir. Ona görə də xüsusilə bu həssas dönəmdə valideynlərə çağırış edirəm ki, övladınıza dəstək olun. Bu il daxil olmayıbsa, gələn il daxil olacaq. Əgər övlad valideynindən özünə qarşı o dəstəyi, qayğını, güvəni görərsə, yenidən hazırlaşıb ali məktəbi qazanacaq. Yox, o valideyndən o diqqəti görməyəcəksə, onda özünə qapanma da ola bilər, depressiyaya düşmək halları, intihar halları da ola bilər. Ona görə də valideynlərə səslənirəm ki, bu dönəmlərdə həssas, diqqətli olsunlar".

Elçin Əfəndi: ""Qohum-qonşu nə deyər" prinsipi ilə yanaşıb övladlarının üzərinə gedirlər"

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqladı: "Valideynlərə səslənirəm, övladları ilə dost olsunlar, daha səmimi davransınlar. İmtahan nəticəsinə görə övladlarının üzərinə getməsinlər. İmtahan nəticəsi bu il uğursuz olub, amma gələn il alına bilər. Növbəti il olmadı, ondan sonrakı il alına bilər. Amma təəssüflər olsun ki, 15-16 il böyütdüyümüz övladı itirdiyimiz zaman növbəti il onu tapa bilməyəcəyik. Valideynlər mütləq bu amili nəzərə almalıdırlar. Heç bir imtahan nəticəsi övladdan daha dəyərli, daha şirin deyil. Valideynlər bəzən imtahan nəticəsinə kənar müdaxilələr əsasında, "qohum-qonşu nə deyər" prinsipi ilə yanaşıb övladlarının üzərinə gedirlər. Nəticə etibarilə uşaqlar psixoloji cəhətdən yeniyetməlik dövründə zəif olurlar. Psixi zəiflik neqativ hallara sürükləyir. Kimisi evi tərk edir, kimisi intihara cəhd edir. Valideynlər bu amili mütləq nəzərə almalıdırlar ki, övladları bu hallarla üzləşməsinlər. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan nəticələri bəzi abituriyentlər üçün o qədər də uğurlu olmaya bilir. Burada daha çox ciddi hazırlaşan abituriyentlər uğur əldə edirlər. Bunu biz bir estafetə bənzətsək, hər kəs qaçır, yalnız bir nəfər qalib olur. İmtahan prosesində də təxminən 100 min nəfərə yaxın iştirakçı varsa, plan yerinə görə 50 min nəfər qəbul aparılır. 50 min nəfərin kənarda qalması normaldır. O demək deyil ki, 50 min nəfər özünə xəsarət yetirməlidir. Abituriyentlər növbəti ilə daha ciddi hazırlaşmalı, qarşısına qoyduğu məqsədə çatmalıdır. Valideynləri də övladlarına dəstək verməyə çağırıram".

Milli.Az


Etiketlər:  Abituriyentləri intihardan necə qoruyaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ