Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 19:27
ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone Azərbaycana qarşı ağlasığmaz tələb irəli sürüb. ABŞ dövlət katibi Entoni Blinkenin son çıxışında Azərbaycanın "qeyri-qanuni saxladığı" erməni əsirlərini azad etməsi ilə bağlı çağırışlarını dəstəkləyən konqresmen bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan qoşunlarını sərhədyanı ərazilərdən çıxarmağa çalışmalıdır ki, bu da sülh prosesinə töhfə verəcək.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, F.Pallone bu açıqlaması ilə nə demək istəyib? Azərbaycan qoşunlarının sərhədyanı ərazilərindən çıxarılması tələbi nəyə əsaslanır?
Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfiqarov Publika.az-a açıqlamasında Frenk Pallonenin erməni diasporasının təsiri və himayəsi altında olduğunu diqqətə çatdırdı:
"Pallone yəqin maliyə cəhətdən asılı vəziyyətdə olduğu üçün istənilən məsələ ilə bağlı fikirlərində Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Onu şəxsən tanıyıram və bilirəm ki, bu şəxs Azərbaycanın düşmənidir".
Politoloq, Pallonenin Azərbaycanın öz qoşunlarını sərhədyanı ərazilərdən çıxarması ilə bağlı tələbinin beynəlxalq qanunlara zidd olduğunu bildirdi:
"Ümumiyyətlə, onun bir konqresmen kimi Azərbaycana qarşı tələblər irəli sürmək səlahiyyəti yoxdur. Rəsmi Bakı heç vaxt bu tələbi qəbul etməyəcək. Amerikanın siyasi sistemi elə qurulub ki, ordakı lobbi qüvvələri istənilən konqresmeni rahat şəkildə maddi və digər vasitələrlə ələ ala bilirlər. Buna görə də onların bəyanatlarında hansısa məntiq və ya qanunauyğunluq axtarmaq düzgün deyil".
Azərbaycanda həbs olunmuş "erməni əsirlərinin" qaytarılması tələbinə gəlincə, T.Zülfiqarov onların əslində terrorçu olduqlarını vurğuladı:
"Onlar 10 Noyabr bəyannaməsindən sonra razılaşdırılmış atəşkəs rejimini pozaraq, Azərbaycan ərazisinə keçib və terror aktları həyata keçirməyə cəhd ediblər. Fəqət onlar saxlanılıb və düzgün olaraq həbs cəzasına məhkum ediliblər".