Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Rusiyaya qarşı yeni “soyuq savaş” açır: Ağ Ev Kremli dünyadan izolyasiya edir

ABŞ Rusiyaya qarşı yeni “soyuq savaş” açır: Ağ Ev Kremli dünyadan izolyasiya edir

Tarix: 30 Iyul 2022 11:00

ABŞ hazırda Rusiyanı dünyadan tam təcrid etməyə, siyasi-iqtisadi cəhətdən tamamilə blokada vəziyyətinə salmağa cəhd göstərir... Halbuki, Ağ Evin Kremlə qarşı "terrorun maliyyələşdirilməsi" ittihamı ilə bağlı ABŞ Rusiyadan heç də daha "təmiz" deyil...
ABŞ-Rusiya qarşıdurmasında növbəti mərhələ artıq başlanmış kimi görünür. Ağ Evin Kremlə qarşı yeni siyasi-iqtisadi və psixoloji savaşın ideoloji bazasını yaratmaqda olduğu nəzərə çarpır. Və böyük ehtimalla ABŞ-ın öz hədəfinə çatacağı təqdirdə, Rusiyanın beynəlxalq siyasət məkanında durumu son həddə qədər ağırlaşa bilər.

Məsələ ondadır ki, ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələri nəzərə almaqla, Rusiyanın "terroru maliyyələşdirən dövlət" kimi tanımağa çağıran qətnamə qəbul edib.

Milli.Az yeni müsavat-a istinadla bildirir ki, həmin qətnamədə II Çeçenistan müharibəsində Rusiyanın terror aktlarına əl atdığı, o cümlədən, Suriya və Donbasda analoji hallara yol verdiyi vurğulanır. Ancaq nə qədər qəribə də olsa, sənəddə "Bu qətnamə hərbi güc tətbiq etməyə, yaxud ABŞ Silahlı Qüvvələrinin müdaxilə etməsinə icazə kimi şərh edilməməlidir" deyə xüsusi olaraq, qeyd olunur.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə bildirib ki, Ağ Ev hazırda Rusiyanın Ukraynadakı davranışlarının "terrorçuluğun dövlət sponsoru" meyarlarına uyğun olub-olmadığını araşdırır. Ancaq onun fikrincə, hətta Rusiyaya belə bir "status"un veriləcəyi təqdirdə, Kremlə münasibətdə praktiki baxımdan, elə də çox şeyi dəyişmiş olmayacaq. Və bu, istər-istəməz müəyyən suallar doğurur.

Belə anlaşılır ki, ABŞ Rusiya ilə hər hansı məsələ ucbatından birbaşa toqquşmaq niyyətindən uzaqdır. Yəni, ABŞ Senatının qətnaməsi Ağ Evin üzərinə hərbi xarakterli addımlar atmaq öhdəliyi qoymur. Ancaq Ağ Ev Kremli siyasi və iqtisadi alətlər üzərindən "vurmağa", dünyanın siyasi sistemindən kənara atmağa çalışır.

Bu baxımdan, hesab etmək olar ki, hazırda ABŞ və Qərbin əsas hədəfi məhz Rusiyanın dünyadan tamamilə təcrid edilməsinə nail olmaqdan ibarətdir. ABŞ Senatının Dövlət Departamentini "Rusiyanın terroru maliyyələşdirən dövlət kimi tanınmağa" yönəlik çağırış xarakteri daşıyan qətnaməsi də elə bu məqsədə xidmət edən addımlardan biridir. Bu qətnamənin reallığı əks etdirib-etdirməməsi əslində, ABŞ üçün hazırda o qədər də böyük əhəmiyyət daşımır.

ABŞ Senatı sadəcə, bu qətnaməni arqumentləşdirmək üçün vaxtilə Çeçenistan, Gürcüstan və Suriyada, eləcə də indi Ukraynada baş verən hadisələri örnək göstərir. Halbuki, ABŞ vaxtilə Çeçenistan, Gürcüstan və Suriyada baş verənlərə elə də ciddi reaksiya verməmişdi. Ancaq indi gözlənilmədən həmin hadisələrin xatırladılması vacib hesab edilib.

Təbii ki, ABŞ senatorları Rusiyanı "terroru maliyyələşdirən dövlət" elan etmək üçün başqa arqumentlər də tapa bilərlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın özü də bu məsələdə Rusiyadan heç də "təmiz" deyil. Buna əmin olmaq üçün ABŞ-ın Türkiyəyə qarşı onilliklər boyu terrorçuluq fəaliyyətində olan PKK/PYD terror təşkilatına himayədarlıq etməsini xatırlamaq tamamilə yetərlidir. ABŞ PKK/PYD terror təşkilatına təlimlər keçir, silah-sursat, hərbi texnika verir, hətta müxtəlif bəhanələr altında maliyyə yardımı da göstərir. Və Türkiyənin buna etirazlarına baxmayaraq, bu proses hələ də davam edir.

Göründüyü kimi, bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında elə də ciddi fərqlər yoxdur. Ancaq indi Ağ Ev bu qətnamə ilə Rusiyanı tamamilə küncə sıxışdırmaq məqsədi güdür. Belə anlaşılır ki, ABŞ Kremli tamamilə Rusiyanın sərhədləri içərisinə həbs etmək niyyətində olduqca ciddidir.

Çünki, əgər, ABŞ Dövlət Departamenti Senatın qətnaməsinə müsbət reaksiya verərsə, bu, Rusiya üçün beynəlxalq məkanda bəzi şeylərin dəyişməsinə yol aça bilər. Bu halda, ilk növbədə ABŞ Rusiya ilə gələcəkdə beynəlxalq problemlərin müzakirəsindən yayınmalı olacaq. Çünki, əgər, Rusiya "terroru maliyyələşdirən dövlət"dirsə, onda Kremllə dünyanın siyasi problemlərini müzakirə etmək tamamilə məntiqsiz xarakter daşıyacaq.

Bütün bunlar böyük ehtimalla ABŞ-ın Rusiyanı siyasi, hətta iqtisadi-ticari cəhətdən, dünyadan tam təcrid edilməsi strategiyasına hesablanıb. Çünki, əgər, ABŞ "terroru maliyyələşdiməsi" ilə bağlı arqumentə istinadən Rusiya ilə əlaqələrini dondurarsa, bu, digər Qərb dövlətləri üçün də ciddi örnək rolunu oynayacaq. Hər halda, Ağ Evin bu addımı Qərb ölkələri üçün siyasi təzyiq xarakteri daşımış olacaq. Hazırda, Almaniya, Fransa, İtaliya və Macarıstan kimi bəzi Qərb ölkələri hələ də Rusiya ilə açıq və ya gizli münasibətlərini qoruyub, saxlayırlar.

ABŞ-ın bu məsələdə nə qədər səmimi olduğu da əslində, kifayət qədər ciddi suallar doğurur. Belə ki, bir müddət öncə ABŞ Rusiya neftini Çinə və digər ölkələrə daşıyan tankerləri sığortalayan şirkətlərə qarşı sanksiya tətbiq olunmasına qərar verib. Bunu Rusiyadan neft idxal edən Çinin Ukrayna savaşında Kremli dəstəkləməsi və maliyyələşdirməsi kimi arqumentləşdirib.

Halbuki Avropa Birliyi ölkələri hələ də Rusiyadan enerji resursları idxal edirlər və bu ticarət dövriyyəsi günlük Rusiyaya 950 milyon dollar qazandırır. Yəni, Avropa Birliyi ölkələri hazırda Ukrayna savaşında Rusiyanı Çindən daha çox maliyyələşdirirlər. Və ABŞ buna loyal yanaşmaqda davam edir.

Bütün bunlar onu göstərir ki, ABŞ hazırda Rusiyanı dünyadan təcrid etmək, siyasi-iqtisadi cəhətdən tamamilə blokada vəziyyətinə salmaq məqsədi güdür. Bu niyyətinə hansı səviyyədə nail olacağı isə yəqin ki, ən yaxın vaxtlarda aydınlaşmağa başlayacaq. Hələliksə, yalnız onu demək olar ki, ABŞ Rusiyaya qarşı savaşın növbəti daha ağır və amansız "soyuq savaş" mərhələsinə start vermək üzrədir.

Milli.Az


Etiketlər:  ABŞ Rusiyaya qarşı yeni soyuq savaş açır Ev Kremli dünyadan izolyasiya edir


RƏYLƏR