Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 12:46
Bakıda 18 il əvvəl qətl törədən şəxslərin evdən 3 milyon manat pul aparmaları məlum olub.
Bu barədə Sonxeber.net-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin ibtidai istintaqı qurumun İstintaq idarəsində tamamlanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 2 milyon 951 min 400 manat və 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.