Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 16:03
Bakı. Trend:
Sentyabrın 27-də Hyatt Regency İclas və Konfrans zalında Sənayenin və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib. Trend-in məlumatına görə, forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Bu il forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı və qida sənayesi olub. Tədbirin əsas məqsədi alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
Forumu salamlama nitqi ilə açan AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumann tədbirin proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azərbaycandaki səfiri Volfqanq Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti Fərid İsayev salamlama nitqi ilə çıxış ediblər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iştirakçılara sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, Azərbaycanda biznes və investisiya mühitinin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən sistematik tədbirlər barədə məlumat verib. N.Səfərov davamlı iqtisadi inkişafı, rəqabətqabiliyyətli iqtisadiyyatın və məşğulluğun təmin olunması, ixrac potensialının gücləndirilməsi, sahibkarlığın inkişafının dövlət siyasətinin əsas hədəflərindən biri olduğunu bildirib. Almaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafı haqqında danişan N.Səfərov, ticarət əlaqələrinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu və 2019-cu ilin ilk 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 1 mlrd. ABŞ dollarından çox təşkil etdiyini vurğulayıb. Almaniyanın Azərbaycanda həyata keçirilən tvining layihələrinə böyük maraq göstərdiyini qeyd edən nazir müavini dövlət orqanları tərəfindən həyata keçirilən və əsasən energetika, kənd təsərüfatı, statistika, standartlaşma, insan hüquqları kimi sahələri əhatə edən tvining tenderlərinin əksəriyyətində alman nümayəndələrinin iştirak etdiyini bildirib.
AHK Azərbaycanın Almaniyanın xarici iqtisadi siyasətində çox vacib bir platform olduğunu vurğulayan Volfqanq Maniq, yüksək səviyyəli tərəfdaşların bir araya gətirilməsində və alman şirkətlərinin Azərbaycan bazarı haqqında məlumatlılığının artırılması və yeni əməkdaşlıqların yaradılması üçün nümayəndə heyətlərinin səfərlərinin təşkilində Palatanın mühüm rolunu qeyd edib. Bundan əlavə, səfir bildirib ki, Azərbaycanın hüquqi əsaslarla beynəlxalq iqtisadi sistemə söykənən müasir və qloballaşan iqtisadiyyata doğru addımlamasında Almaniya hər zaman öz dəstəyəni göstərməyə hazırdır.
Bundan sonra, Fərid İsayev AHK Azərbaycan tərəfindən təşkil olunan tədbirlərin və forumların Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərə və iqtisadi əməkdaşlığa verdiyi töhfədən bəhs edərək, Palatanın dövlət-özəl sektorları arasında əlaqələrin gücləndirilməsindəki mühüm rolunu vurğulayıb.
Açılış mərasimi maliyyə və biznes mühitinə həsr olan plenar sessiya ilə davam edib. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) direktor vəzifəsini icra edən İbrahim Alışov Palata tərəfindən biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər, maliyyə sektorundaki perspektivlər və xarici qurumların da dəstəyi ilə FIMSA-nın yaxın gələcəkdə həyata keçirəcəyi tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Bundan sonra, AccessBank ASC-ın İdarə Heyətinin Sədri və Baş icraçı direktoru Anar Həsənov, Bayerische Landesbank-ın Rusiya və MDB dövlətləri ilə əlaqələr üzrə baş meneceri Helmut Mader, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte və Ekvita LLC şirkətinin direktoru, İlqar Mehti, plenar sessiyada iştirak edərək maliyyə və bank sektorunun inkişafı barədə öz dəyərli fikirlərini bölüşüblər.
Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida senayəsində paralel müzakirələr bu ilki Forumun gündəliyini təşkil edib.
Müvafiq dövlət qurumlarından, yerli və Alman şirkətlərindən ibarət 300-ə yaxın nümayəndənin iştirak etdiyi tədbir şəbəkədaxili danışıqların keçirildiyi nahar yeməyi ilə yekunlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin